Birləşmiş Ştatların doqquz sabiq səfiri çərşənbə axşamı prezident Donald Trampın ABŞ hərbi qüvvələrini Kabil hökuməti ilə Taliban arasında sülh razılığı əldə edilənə qədər bütünlüklə Əfqanıstandan çıxardığı təqdirdə ölkədə "total vətəndaş müharibəsi"nin başlaya biləcəyi barədə xəbərdarlıq edib.
“Hərbi qüvvələrin çıxarılması yekun sülhə əsaslanmalıdır,” doqquz sabiq səfir “Atlantika Şurası”nın veb səhifəsindəki məqalədə yazıb. “ABŞ ilkin addımı nə elə tez, nə də elə dərinlikdə atmamalıdır ki, Taliban hərbi qələbə əldə edəcəyinə inansın.”
Hərbi qüvvələrin çıxarılması yekun sülhə əsaslanmalıdır.
ABŞ-ın Kabildəki beş sabiq səfiri də daxil edilməklə, doqquz səfir bu barədə bəyanatı Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadın Talibanla ABŞ-ın Əfqanıstandan 5,000 əsgərini çıxaracağına dair ilkin razılığın əldə edildiyin bəyan etməsindən bir gün sonra verib.
Xəlilzad bazar ertəsi Kabildə Tolo News televiziyasına verdiyi müsahibəsində Əfqanıstanda olan təxminən 14 min ABŞ əsgərinin qalan hissəsinin nə vaxta qədər qalacağı haqda bir söz deməyib. Lakin ABŞ rəsmiləri artıq bir neçə dəfə bunun "şərtlər əsasında" ediləcəyini bildiriblər.
Birləşmiş Ştatların əsgəri qüvvəsini Əfqanıstandan çıxarmasının qarşılığında Taliban Əl-Qaidə ilə bütün əlaqələrini kəsməli və Əfqanıstan ərazisindən Birləşmiş Ştatlar və onun hansısa müttəfiqinə qarşı terror hücumları həyata keçirilməsi üçün istifadə edilmədiyini təmin etməlidir.
Zalmay Xəlilzad deyib ki, layihənin imzalanmasından əvvəl Prezident Tramp onu təsdiq etməlidir.