Accessibility links

ABŞ-ın sabiq Respublikaçı Prezidenti Corc W. Buş Co Baydeni təbrik edib


ABŞ-ın sabiq Respublikaçı Prezidenti Corc W. Buş prezident seçilən Demokrat Co Baydeni təbrik edərək, onun “ölkəmizə rəhbərlik etmək və birləşdirmək fürsətini qazandığını” deyib.

2001-ci ildən 2009-cu ilin əvvəlinədək ölkənin prezidenti olmuş Buş Baydenlə "siyasi fikir ayrılıqları" olduğunu, ancaq ona "müvəffəqiyyəti üçün dua etdiyini və bacardığı hər şəkildə kömək edəcəyinə dair söz verdiyini" bildirib. O, Kamala Harrisa da zəng edərək təbriklərini çatdırıb.

Buş Respublikaçı prezident Donald Tramp üzərindəki qələbəsini elan edən Baydenə "vətənpərvər mesajı" na görə təşəkkürünü bildirib.

Bayden ötən şənbə günü Delaver ştatının Vilminqton şəhərində xalqa müraciəti zamanı ölkəni “qütbləşdirən deyil, birləşdirən prezident” olacağını vəd etdi.

“Sərt ritorikanı kənara qoymaq, hərarəti azaltmaq, bir-birimizi görüb, bir-birimizi dinləmək vaxtıdır,” Bayden bildirib.

Bayden tərəfdarlarını ona səs verməyənlərə yardım əllərini uzatmağa çağırıb və Prezident Donald Trampı dəstəkləyənlərin məyusluqlarını anladığını bildirib.

“Mən özüm bir neçə dəfə məğlub olmuşam,” Bayden deyib. “Gəlin indi bir-birimizə şans verək.”

Buş Trampın əldə etdiyi 70 milyondan çox səsi (Baydenə verilən səslərdən təxminən 4 milyon az) "fövqəladə bir siyasi nailiyyət" kimi xarakterizə edib.

Tramp isə Baydenə məğlub olduğunu qəbul etmir və onun qanun pozuntuları ilə ikinci dörd illik müddətə yenidən seçilməsinə mane olduğunu iddia edən çoxsaylı iddialar qaldırıb.

Buş Trampın "səslərin yenidən sayılması tələbinə və qanuni problemləri qaldırmaq və həll olunmamış məsələlərin lazımi qaydada həllini istəməsi" hüququna sahib olduğunu deyib.

Lakin sabiq prezident bildirib ki, Amerika xalqı bu seçkilərin ədalətli olduğuna, ölkənin bütövlüyünün dəstəklənəcəyinə və nəticələrin şəffaflığına inana bilər.

XS
SM
MD
LG