Accessibility links

ABŞ-ın Tetra-Tech şirkəti Azərbaycanın azad edilmiş ərazilərində minatəmizləmə tədqiqatları aparıb


Mina təmizləmə
Mina təmizləmə

Amerika Birləşmiş Ştatlarında mina və partlamamış hərbi sursatların təmizlənməsi üzrə fəaliyyət göstərən tanınmış və ixtisaslaşmış təşkilatlarından biri olan Tetra-Tech şirkətinin nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə ilkin tədqiqatların aparılması məqsədi ilə fevralın 12-dən 19-dək Azərbaycana səfər edib.

Azərbaycan Minatəmizləmə Agentliyinin məlumatına görə, fevralın 17-də sahə üzrə ilkin təəssüratları və qeydləri bölüşmək üçün nümayəndə heyəti Minatəmizləmə Agentliyində görüş keçirib. Görüşdə mövcud vəziyyət və gələcək əməkdaşlığın effektiv yolları ilə bağlı müzakirələr aparılıb.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar 30 ildən artıq davam edən münaqişədə 90-cı illərin əvvəllərindən sonra ən ciddi hərbi toqquşmalar olub. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb. Razılışmaya əsasən Azərbaycanın beynəlxalq tanınmış sərhədləri daxilində ərazi bütövlüyü təmin edilib.

Döyüşlər gedən ərazilərin ermənilər yaşayan hissəsində Rusiya Müdafiə Nazirliyi, Azərbaycan Ordusunun nəzarətində olan hissəsində isə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan,Türkiyə və Rusiya Müdafiə Nazirliklərinin minaaxtaranları işləyir.

Hərbi ekspert, Azərbaycan Ordusunun keçmiş korpus komandiri Şair Ramaldanov Amerikanın Səsinə müsahibəsində bildirib ki, münaqişə gedən ərazidə basdırılan minaların miqdarını və növünü demək mümkün deyil.

“Minalar daha çox düzənlik ərazilərdə basdırılıb,” o qeyd edib.

Ekspert Azərbaycan hökumətinin minaların təmizlənməsi üçün kömək məqsədi ilə beynəlxalq qurumlara müraciət etdiyini bildirib. Onun fikrincə, minaların təmizlənməsi illərlə davam edəcək.

Bununla yanaşı, ekspertlər münaqişə ərazisində 50 mindən 100 minədək mina basdırıldığını güman edir. Onlar minaların ən çox Tərtər, Ağdam və Füzuli rayonlarının ərazisində olduğunu düşünür.

Prezident İlham Əliyev bu il fevralın 4-də bildirib ki, minatəmizləmə işləri tez zamanda başa çatdırılmalıdır.

Dövlət başçısının sözlərinə görə, təkcə təmas xəttinə yaxın olan ərazilər yox, şəhərlər, yollar, önəmli strateji yüksəkliklər minalanıb və Azərbaycanda mina sahələrinin xəritələri yoxdur.

“Ona görə, bizim istehkamçıların üzərinə çox böyük vəzifə düşür. Onlar bu vəzifəni elə icra etməlidirlər ki, azad olunmuş torpaqları tamamilə minalardan təmizləyə bilsinlər. Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir. Bu vəzifə icra olunmadan hər hansı bir inkişafdan söhbət gedə bilməz,” o qeyd edib.

Ölkə prezidenti vətəndaşlara müraciət edərək azad edilmiş ərazilərə icazəsiz getməməyi xahiş edib.

Buna baxmayaraq müşahidəçilər mülki insanların mina təhlükəsi olan ərazilərə icazəsiz səfərlər etdiyini bildirir.

Yerli medianın məlumatına görə, dünən, fevralın 18-də Tərtər rayonunun Suqovuşan kəndində mina partlaması nəticəsində mülki şəxs Bəxtiyar Mahmudov həlak olub.

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin fevralın 9-da yaydığı məlumata görə, 10 noyabr 2020-ci ildən sonra azad edilmiş ərazilərdə mina partlaması nəticəsində 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak olub. 52 hərbi qulluqçu, 8 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Həmçinin mina prtlaması nəticəsində bir Rusiya hərbçisi həlak olub, bir hərbçi isə yaralanıb.

XS
SM
MD
LG