Accessibility links

ABŞ-ın yeni səfirini Azərbaycanın xarici işlər naziri qəbul edib


 Elmar Məmmədyarov ABŞ-ın yeni səfiri Li Litzenberqeri qəbul edib
Elmar Məmmədyarov ABŞ-ın yeni səfiri Li Litzenberqeri qəbul edib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Li Litzenberqeri qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, görüş zamanı tərəflər iki ölkə arasındakı münasibətlərin hazırkı durumu ilə bağlı fikir mübadiləsi aparıb.

Nazir Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji layihələri, ələlxüsus Cənub Qaz dəhlizi layihəsi haqqında məlumat verib və bu layihələrin reallaşdırılmasında ABŞ-ın dəstəyinin təqdir olunduğunu qeyd edib.

Səfir Li Litzenberqer Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələri yüksək qiymətləndirərək, ABŞ-ın bu layihələrə dəstəyini bəyan edib. Səfir habelə Azərbaycanın terrorçuluğa qarşı beynəlxalq mübarizəyə verdiyi dəstəyin əhəmiyyətini vurğulayıb.

Səfir Li Litzenberqer etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir Elmar Məmmədyarov ABŞ-ın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

ABŞ səfiri Li Litzenberqer Bakı Beynəlxalq Hava limanında-07.03.2019
ABŞ səfiri Li Litzenberqer Bakı Beynəlxalq Hava limanında-07.03.2019

ABŞ-ın Azərbaycandakı yeni səfiri Li Litzenberqer martın 7-də Bakıya gəlib.

Səfir Litzenberqer Bakı Beynəlxalq Hava limanında jurnalistlərə bildirib ki, həyat yoldaşı Merian xanımla birgə Bakıya gəlməkdən çox məmnundur.

“Mən ABŞ səfiri kimi səlahiyyətlətimin icrasına başlamağı, insanlarınızla, mədəniyyətinizlə, rəsmilərlə tanış olmağı, xalqlarımız və ölkələrimiz arasındakı əlaqələri dərinləşdirməyi və gücləndirməyi həvəslə gözləyirəm,” Li Litzenberqer qeyd edib.

Li Litzenberqer diplomat kimi fəaliyyət göstərdiyi 34 il ərzində Əfqanıstanda, Əlcəzairdə, Belçikada, Bolqarıstanda, Fransada, Gürcüstanda, Qazaxıstanda və Serbiyada çalışıb.

"ABŞ-la Azərbaycanı güclü əlaqələr bağlayır. Bizim ölkələrimiz 25 ildir ki, təhlükəsizlik, enerji, iqtisadi artım və demokratik inkişaf kimi vacib sahələrdə əməkdaşlıq edir. Səfir kimi çalışaraq mən ikitərəfli münasibətlərimizin bütün aspektlərini gücləndirməyə və yeni əməkdaşlıq sahələrini müəyyənləşdirməyə çalışacam. Bizim ölkələrin insanları arasında olan əlaqələr güclüdür və müxtəlif insanlarla görüşüb onların fikirlərini dinləmək niyyətindəyəm,” Litzenberqer martın 6-da yaydığı video mesajında bildirib.

ABŞ Senatı yanvarın 2-də Li Litzenberqeri Azərbaycanda yeni səfir kimi təsdiq edib.

Keçmiş səfir Robert Sekutanın ölkəni tərk etməsindən 12 ay sonra yeni səfir Azərbaycana gəlib.

Litzenberqerin Dövlət Debartamentində son işi hərbi-siyasi məsələlər üzrə büroda baş müşavir olub.

XS
SM
MD
LG