Accessibility links

ABŞ-ın yeni sanksiyaları İranın neft-kimya sənayesini hədəfə alır


Birləşmiş Ştatlar cümə günü İranın neft-kimya sənayesini hədəfə alan yeni sanksiyaları qüvvəyə mindirib. ABŞ Maliyyə Nazirliyinin bildirdiyinə görə, bu sanksiyalara İslam İnqilabı Keşikçiləri Korpusuna maliyyə dəstəyi göstərdiyinə görə ölkənin ən böyük neft-kimya holdinq qrupu daxil edilib.

Vaşinqton İrana nüvə və ballistik raket proqramına və Yaxın Şərq ölkələrində münaqişələrə dəstək verdiyinə görə təzyiq edir. Yeni tədbirlər keçən ay İslam Respublikasının sənaye metallarının ixracından əldə edilən gəlirləri hədəfə alan sanksiyalardan sonra həyata keçirilir.

İki ölkə arasında münasibətlər keçən ay Tramp administrasiyasının aviadaşıyıcı, bombardmançılar və Patriot raketlərinin Yaxın Şərqdə yerləşdirilməsi göstərişindən sonra gərginləşib. Administrasiya bunu İranın ABŞ qüvvələrinə və maraqlarına mümkün hücum hazırlıqları ilə əsaslandırıb.

Eyni zamanda Pentaqon İslam İnqilabı Keşikçiləri Korpusunu Birləşmiş Ərəb Əmirliklərində 12 may tarixində baş verən hücumlara görə birbaşa məsuliyyət daşımaqda ittiham edib. BƏƏ sahilidə baş verən həmin hadisə nəticəsində iki Səudiyyə tankerinə, BƏƏ gəmisinə və Norveç tankerinə zərər dəyib.

Cümə günü qüvvəyə minən sanksiyalar İranın ballistik raket və nüvə proqramına cavabdeh olan İslam İnqilabı Keşikçiləri Korpusunun iqtisadi qanadına maliyyə dəstəyi göstərdiyi üçün İran Körfəzi Neft-Kimya Sənaye Şirkətini hədəfə alır.

ABŞ Maliyyə Nazirliyi sanksiyaya holdinqin 39 törəmə şirkətlərini və xaricdə qərargahlaşan satış agentlərini də daxil edib. Nazirlik bildirib ki, İran Körfəzi Neft-Kimya Sənaye Şirkəti və onun törəmə şirkətləri İranın neft-kimya məhsulları potensialının 40 faizinə, ixracının isə 50 faizinə nəzarət edir.

“Bu şəbəkəni hədəfə almaqla biz İranın neft-kimya sektorunun aparıcı elementini İslam İnqilabı Keşikçiləri Korpusunun dəstəyindən məhrum etmək niyyətindəyik” – deyə, ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bəyanatında bildirib.

Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, İranın Neft Nazirliyi İslam İnqilabı Keşikçiləri Korpusunun iqtisadi və mühəndislik qanadı olan Xatəm əl-Ənbiyəyə, o cümlədən neft və neft-kimya sənayesinin 10 layihəsinə ümumi dəyəri 22 milyard ABŞ dolları miqdarında vəsait ayırıb. Bu məbləğ İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmi büdcəsindən dörd dəfə çoxdur.

Prezident Donald Tramp keçən il ABŞ-ı İran və dünya qüdrətləri ilə 2015-ci il ildə bağladıqları nüvə sazişindən çıxarıb. Həmin sazişin məqsədi bəzi sanksiyaların yumşaldılması əvəzində İranın nüvə proqramını məhdudlaşdırılması idi. Tramp bildirir ki, bu saziş işə yaramayıb.

Həmin zamandan bəri Tramp administrasiyası İrana təzyiq etmək məqsədilə bir neçə presedentsiz addım atıb. Onlara misal olaraq, dünya ölkələrindən İran neftinin idxal etməmələri tələbi və İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatları siyahısına salınması daxildir. İran bu addımları təxribat adlandırıb.

XS
SM
MD
LG