Accessibility links

ABŞ Ədliyyə Nazirliyi FİFA rəsmilərini rüşvət almaqda ittiham edib


ABŞ Ədliyyə Nazirliyi FİFA İcraiyyə Komitəsinin rəsmilərinin FIFA 2018 Dünya Çempionatının Rusiyada keçirilməsinin lehinə verilən səslərə görə rüşvət aldıqlarını iddia edir. New York Times qəzeti bu barədə prokurorluğun ittiham aktına istinadən məlumat yayıb.

Ədliyyə Nazirliyinin məlumatına görə, Trinidad və Tobaqonu FIFA-da təmsil edən Cek Uorner 2010-2011-ci illərdə səs vermək üçün 5 milyon dollar alıb. Pul Kipr və Britaniya Virgin adalarında qeydiyyata alınan saxta şirkətlər vasitəsilə ödənilib.

Amerika prokurorları icra komitəsinin üzvlərinin 2022 çempionatının keçiriləcəyi Qətərdən də rüşvət aldığını hesab edir.

Rusiya ABŞ Ədliyyə Nazirliyi iddialarını əsassız sayıb. "Bu yalnız hüquqşünasların rəyidir" - deyə, 2018-ci il dünya çempionatının hazırlanması və keçirilməsi üzrə təşkilat komitəsinin sabiq sədri Aleksey Sorokin "İnterfaks" xəbər agentliyinə açıqlamasında qeyd edib. "Dəfələrlə müraciətimizin açıq olduğunu demişik. Biz vaxtı ilə FİFA araşdırma orqanları və media da daxil olmaqla hər kəsin suallarını cavablandırdıq, bütün lazımi sənədləri təhvil verdik. İndi buna əlavə edəcək bir şey yoxdur və müraciətimizə kölgə salmaq cəhdlərinə cavab verməyəcəyik" - deyə, Sorokin məsələyə münasibət bildirib.

XS
SM
MD
LG