ABŞ-ın Əfqanıstandakı yüksək rütbəli ordu komandanı Amerika əsgərlərinin münaqişə zonası olan ölkəsindən tamamilə çıxarılması prosesinin artıq başlandığını deyib.
General Skot Miller aprelin 25-də Əfqanıstanın paytaxtı Kabildə yerli jurnalistlərə verdiyi açıqlamada verilən əmrlərə görə bütün qoşunların "geriyə dönməyə" hazırlaşdıqlarını deyib.
Miller bunu ABŞ prezidenti Co Baydenin son 3 minə yaxın ABŞ əsgərinin 11 sentyabr - Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzi, Pentaqon və Vaşinqton yaxınlığına edilən terror hücumlarının 20-ci ildönümünə qədər çıxarılacağını deməsindən təxminən iki həftə sonra elan edib.
Bayden Amerikadakı ən uzun, 20 ilə yaxın sürən müharibəyə son qoymaq üçün ABŞ ordusunun mayın 1-dən çıxarılmağa başlanacağını deyib.
Miller həm ABŞ hərbçilərinə, həm də NATO-nun Əfqanıstandakı qüvvələrinə qeyri-döyüş Qətiyyətli Dəstək hərbi missiyasına rəhbərlik edir.
NATO müttəfiqləri də Vaşinqtonun bir il əvvəl Əfqanıstandakı Talibanla danışıqlar zamanı əldə edilən razılaşmaya uyğun olaraq təxminən 7000 əsgəri qüvvəni çıxaracağınıi vəd edib.
"Əfqanıstandan qüvvələri davamlı şəkildə çıxaracağıq və bu, bazaların və texnikanın Əfqanıstanın təhlükəsizlik qüvvələrinə veriləcəyi deməkdir" - deyə, general bildirib.
ABŞ və müttəfiqləri 2001-ci ilin sentyabrın 11-də Əl-Qaidə liderlərinə qırğın planı qurmağa imkan verdiklərinə və sığınacaqla təmin etdiklərinə görə Taliban rəhbərlərini cəzalandırmaq üçün terror hücumlarından bir neçə gün sonra ölkəyə hücum etmişdi.
Talibanın yenidən qruplaşmalar yaradaraq, Əfqanıstan və ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq qüvvələrə qarşı ölümcül hücumlar həyata keçiurməsindən və Əfqanıstanın geniş ərazilərinə nəzarəti bərpa etməsindən əvvəl, ölkəyə daxil olan ABŞ və müttəfiqləri İslamçı qrupu hakimiyyətdən uzaqlaşdıra bilmişdi.