Accessibility links

ABŞ generalı Əfqanıstan hökuməti və Taliban liderləri ilə görüşüb


ABŞ-ın yüksək rütbəli hərbi komandiri bu həftə Əfqanıstan Talibanının liderləri və Əfqanıstan hökuməti ilə görüşərək, müharibənin sarsıtdığı bu Cənubi Asiya ölkəsində zorakılığın azaldılması yollarını müzakirə edib.

Baş Qərargahlar rəisi, general Mark Milli çərşənbə axşamı paytaxt Dohada Taliban liderləri ilə danışıqlar aparmaq üçün körfəz ölkəsi Qətəri ziyarət edib. Çərşənbə günü o, Kabilə uçub və Əfqanıstan prezidenti Əşrəf Qani ilə görüşüb.

"Həm Taliban, həm də Əfqanıstan hökuməti ilə apardığım müzakirələrin ən vacib hissəsi zorakılığın azaldılması idi. Qalan hər şey buna bağlıdır" - deyə, Milli onunla birlikdə səfər gedən jurnalistlərə bildirib.

General hər iki danışığın detallarını müzakirə etməkdən imtina edib.

Millinin üsyançıların liderləri ilə danışıqlarının iki saatdan çox davam etdiyi bildirilib. Bu, Talibanla ikinci görüşdür. ABŞ Baş Qərargahlar rəisinin bu qrupla ilk görüşü iyun ayında mediaya bağlı keçirilmişdi.

Siyasi ofisi Dohada yerləşən Taliban görüşlə əlaqədar heç bir açıqlama verməyib.

Pentaqonun cümə axşamı açıqladığı məlumatında deyilib ki, Milli və Qani arasındakı danışıqlarda Əfqanıstandakı təhlükəsizliklə bağlı mövcud vəziyyət müzakirə edilib. Lakin Dohada Talibanla çərşənbə axşamı görüşməsi barədə heç bir şey deyilməyib.

Kabildə edilən prezident açıqlamasında Millinin ABŞ-ın Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələrini dəstəklədiyini bir daha təsdiqlədiyi bildirilib. General Millinin eləcə də, Əfqanıstanda zorakılıqların artması ilə bağlı narahatlığını dilə gətirdiyi və bunun “əhəmiyyətli” şəkildə azaldılmasına ehtiyac olduğunu vurğuladığı deyilib.

XS
SM
MD
LG