Accessibility links

Əfqan qaçqınlara sığınacaq verməyə razı olan ABŞ qubernatorlarının sayı artır


Merilend ştatının qubernatoru Larri Hoqan
Merilend ştatının qubernatoru Larri Hoqan

Talibanın Əfqanıstanı tez bir zamanda ələ keçirməsindən sonra və Qərb ölkələrinin səfirlərini və müttəfiqlərini evakuasiya etməyə çalışdıqları bir vaxt əfqan qaçqınlarını öz ştatlarına yerləşdirməyə yardım edəcəklərini söyləyən ABŞ qubernatorlarının sayı getdikcə artır.

Pentaqon ABŞ-a 22 minə qədər əfqanı müvəqqəti sığınacaqla təmin etmək istədiyi bir vaxt azı 10 qubernator öz dəstəyini təklif edib.

Bazar ertəsinə qədər artıq 2000 əfqan Virciniya ştatındakı Fort Lee hərbi bazasına yerləşdirilib. Qarşıdan gələn həftələrdə daha minlərlə qaçqının Texas və Viskonsin ştatlarındakı bazalara gəlməsi gözlənilir.

"Son bir neçə gündə Əfqanıstandakı xaos və ürəkparçalayan səhnələr hərbi qüvvələrin tələsik və məsuliyyətsiz bir şəkildə çıxarılmasının nəticəsidir. Tərcüməçi və yardımçı heyət olaraq uzun illərdir həyatlarını riskə ataraq bizə əvəzsiz dəstək vermələrindən sonra onlara yardım etmək bizim mənəvi borcumuzdur" - deyə, Merilend ştatının Respublikaçı qubernatoru Larri Hoqan bildirib.

Bu günə qədər Kaliforniya, Corciya, Ayova, Merilend, Massaçusets, Cənubi Karolina, Yutah, Vermont, Virciniya və Viskonsin ştatlarının qubernatorları Əfqanıstan qaçqınlarına sığınacaq və yardım təklif edib. ABŞ ərazisi olan Quam qubernatoru da evakuasiya olunanlara sığınacaq təklif edib.

Humanitar təşkilatların hesablamalarına görə, 80 minə yaxın əfqan və ailələri ABŞ-a xüsusi miqrant vizası (SIV) üçün müraciət edib.

Beynəlxalq Xilasetmə Komitəsi iyirmi il ərzində 300 mindən çox əfqanın Amerika missiyasına yardım etdiyini bildirib. Lakin onların az bir hissəsi ABŞ-da qaçqın statusu ala biləcək.

XS
SM
MD
LG