Accessibility links

ABŞ Əfqanıstana 308 milyon dollarlıq yardım edəcəyini açıqlayıb


Birləşmiş Ştatlar çərşənbə axşamı Əfqanıstana yeni humanitar yardım üçün 308 milyon dollar ayırdığını açıqlayıb.

Bu, Birləşmiş Millətlər Təşkilatının ölkə əhalisinin yarısının kəskin aclıqla üzləşdiyi barədə xəbərdarlıq etdiyi bir vaxta təsadüf edib.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Horn verdiyi açıqlamada yardımın birbaşa ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID) “müstəqil humanitar təşkilatlara” veriləcəyini bildirib.

USAID çərşənbə axşamı öz bəyanatında bildirib ki, maliyyə yardımı xüsusilə qida və ərzaq yardımına, səhiyyə müəssisələrinə və səyyar sağlamlıq səylərinə dəstək, humanitar yardım işçilərinin və ləvazimatlarının əlçatmaz ərazilərə çata bilməsini təmin etmək və sığınacaq dəstləri, qızdırıcılar, ədyal və isti paltarla təmin edərək insanların qışı keçirməsinə kömək edəcək proqramlara yönəldiləcək.

“Birləşmiş Ştatlar Əfqanıstan xalqına kömək etmək öhdəliyinə sadiq qalır. Lakin bu yardımın ən təsirli olması üçün bütün humanitar yardım işçilərinə, xüsusən də qadınlara müstəqil və təhlükəsiz fəaliyyət göstərmələrinə icazə verilməlidir və qadınlara və qızlara maneəsiz çata bilməlidir. Birləşmiş Ştatlar Talibanı humanitar yardımların maneəsiz çıxışına, humanitar yardımlar üçün təhlükəsiz şəraitə, bütün ehtiyacı olan insanlara müstəqil yardım göstərməyə və bütün cinslərdən olan yardım işçilərinin sərbəst hərəkət etməsinə icazə verməyə çağırmaqda davam edir” - deyə, USAID bildirib.

ABŞ öz töhfələrini elan etməklə yanaşı, digər ölkələri də töhfə verməyə çağırıb.

Əfqanıstanda humanitar vəziyyət ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin avqust ayında ölkədən çıxarılması və Talibanın ölkədə hakimiyyəti ələ keçirməsi ilə Əfqanıstan hökumətinə beynəlxalq yardımın dondurulmasından sonra pisləşib.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası dekabrın sonunda bəzi humanitar yardım fəaliyyətlərini ABŞ-ın Taliban nümayəndələrinə qarşı sanksiyalarından azad edən qətnaməni təsdiqləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG