Accessibility links

ABŞ Əfqanıstandan təxliyə uçuşlarını avqustun 31-dən əvvəl dayandıracaq


Vaxtın uzadılması ilə bağlı daxili və beynəlxalq təzyiqlərə baxmayaraq, Prezident Co Bayden ABŞ-ın Əfqanıstandan çıxarılmasını başa çatdırmaq üçün vəd etdiyi 31 avqust tarixinə sadiqdir.

Ağ Evin bildirdiyinə görə, Bayden administrasiyası Amerika qoşunlarının və hərbi texnikanın çıxarılmasına imkan yaratmaq üçün amerikalıları, əfqanları və üçüncü ölkə vətəndaşlarını Əfqanıstandan evakuasiya əməliyyatlarını vaxtından əvvəl sona çatdırır.

"Hal-hazırda avqustun 31-nə qədər işləri sürətləndirmək üzrəyik. Nə qədər tez bitirə bilsək, bir o qədər yaxşıdır. Əməliyyatların hər günü əsgərlərimizə əlavə riskdir" - deyə, Bayden çərşənbə axşamı Ağ Evdən bildirib.

Bayden deyib ki, çərşənbə axşamı günortaya qədər olan məlumata görə, avqustun 14-dən bəri ABŞ 70700 insanın evakuasiya edilməsinə yardım edib. Lakin o, əməliyyatların son tarixə qədər tamamlanmasının və evakuasiya olunanların hava limanına daxil olmasına icazənin Talibanın əməkdaşlığından asılı olduğunu etiraf edib.

Bayden lazım gələrsə Pentaqon və Dövlət Departamentindən cədvəli tənzimləmək üçün fövqəladə hal planları hazırlamalarını istədiyini də bildirib.

Bayden evakuasiyanın son tarixdən əvvəl bitməsi barədə heç nə deməyib. Lakin Ağ Evin mətbuat katibi Cen Psaki çərşənbə axşamı jurnalistlərə "işləri başa çatdırmaq üçün vaxt lazım olacaq" deyib.

"Əməliyyatların təfərrüatları"nı verməkdən imtina edən Psaki Kabildəki Amerika əsgərlərinin Mərkəzi və Cənubi Asiyada fəaliyyət göstərən yaraqlı İslam Dövləti qrupunun özünü İŞİD-K adlandıran Xorasan şəbəkəsinin təhdidləri ilə üzləşdiyini bildirib.

Çərşənbə axşamı Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi ordunun işlərini tam başa çatdırması üçün vaxta ehtiyacının olacağını təsdiq edib.

XS
SM
MD
LG