Noyabrın 8-dən başlayaraq ABŞ-a səfər etmək üçün peyvənd olunmaq mütləqdir.
Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi ABŞ-ın yeni hava səyahəti qaydalarına əsaslanaraq məlumat yayıb.
“Noyabrın 8-dən sonra Azərbaycandan ABŞ-a səfər etməyi planlaşdırırsınız? ABŞ-a səfər edən peyvənd vurdurmuş, qeyri-ABŞ vətəndaşlarının artıq National Interest Exception (NIE) ehtiyacı yoxdur. CDC qaydalarına əməl edin, səyahət edərkən peyvənd olunduğunuzun sübutunu göstərin və uçuşunuzdan üç gün əvvəl test verin,” səfirlik bildirir.
Sərnişinlər tam peyvənd olunduğunu göstərmək üçün aviaşirkətlərə nə təqdim etməlidirlər?
“Həm ABŞ vətəndaşları, həm də tam peyvənd olunmuş əcnəbi vətəndaşlar Birləşmiş Ştatlara getməzdən əvvəl öz hava yollarına peyvənd statusunu təsdiq edən sənədlər təqdim etməlidir. Bu peyvənd sübutu haqqında rəsmi mənbə tərəfindən verilmiş kağız və ya rəqəmsal qeyd olmalıdır və səyahətçinin adı və doğum tarixi, habelə səyahətçinin aldığı bütün dozalar üçün peyvənd məhsulu və tətbiq tarixini ehtiva etməlidir,” ABŞ Səfirliyinin məlumatında deyilir.
Səfrilik bundan öncəki məlumatında bildirib ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi müəyyən edib ki, Amerika Birləşmiş Ştatlarına səyahət məqsədləri üçün qəbul edilən peyvəndlər arasında Amerika Birləşmiş Ştatlarının Ərzaq və Dərman İdarəsi tərəfindən təsdiq edilmiş və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə siyahısına istifafə üçün salınmış (EUL) vaksinlər daxildir: Pfizer-BioNTech, Moderna, AstraZeneca, Covishield, BIBP/Sinopharm, Sinovac.