Birləşmiş Ştatların Dövlət Departamenti Suriyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması ilə bağlı açıqlama verib. ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert açıqladığı bəyanatda bildirib ki, Birləşmiş Ştatların bu ərazilərin Gürcüstanın tərkib hissəsi olduğu ilə bağlı mövqeyi dəyişməz qalır.
Biz Gürcüstanın suverenilyi, müstəqilliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərdə ərazi bütövlüyünü tam dəstəkləyirik.Heather Nauert
“Birləşmiş Ştatlar Suriya rejiminin Rusiyanın işğal etdiyi Abxaziya və Cənubi Osetiya regionları ilə diplomatik münasibətlər qurmaq niyyətini qətiyyətlə pisləyir. Bu regionlar Gürcüstanın tərkib hissəsidir. Birləşmiş Ştatların Abxaziya və Cənubi Osetiya ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Biz Gürcüstanın suverenilyi, müstəqilliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərdə ərazi bütövlüyünü tam dəstəkləyirik və bütün dövlətləri BMT-nin Nizamnaməsinə uyğun olaraq öz öhdəliklərini nəzərə almağa və eyni şeyi etməyə çağırırıq”, Heather Nauertin açıqlamasında bildirilir.
Birləşmiş Ştatlar həmçinin Rusiyanı 2008-ci ildə atəşkəsə dair əldə edilmiş razılığa əsasən, hərbi qüvvələrini müharibədən əvvəlki mövqelərə çəkməyə çağırıb.
ABŞ bu bəyanatı Gürcüstanın Dəməşqin Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıdıqdan sonra Suriya ilə diplomatik əlaqələri kəsəcəyini bildirməsinin ardınca verib.
Keçən həftə ABŞ dövlət katibi Mayk Pompeop Gürcüstana təhlükəsizilik və iqtisadi sahədə daha güclü dəstək verməyə söz verib. Pompeo həmçinin Rusiyanı 2008-ci ildə müharibədən sonra atəşkəsə dair razılığın şərtlərinə əməl edərək, öz qüvvələrini Abxaziya və Cənubi Osetiyadan çəkməyə çağırıb.