Accessibility links

ABŞ admiralı: Rusiya Aralıq dənizində hərbi qabiliyyətlərini artırır


Admiral Ceyms Foqqo
Admiral Ceyms Foqqo

ABŞ-ın yüksək səviyyəli admiralının bildirdiyinə görə, Rusiya Atlantik okeanı və Aralıq dənizi bölgələrində NATO-ya birbaşa meydan oxuyaraq, su altında öz hərbi qabiliyyətlərini artırır.

NATO-nun Birgə Müttəfiq Qüvvələrinə rəhbərlik edən admiral Ceyms Foqqo Vaşinqtonda Pentaqondakı müxbirlərə deyib ki, Rusiya sualtı qayıqlardan ibarət flotiyaya böyük vəsait ayırır və Birləşmiş Ştatlar və NATO-ya “asimmetrik” təhlükə yaratmağa çalışır.

Avropa ətrafında hər hansı bir dənizdən atılsa, bu raket Avropanın hər hansı bir paytaxtına çata bilər.

Onun bildirdiyinə görə, Rusiya ABŞ və NATO-nun təyyarədaşıyan gəmiləri və su səthində başqa iri gəmilərinin sayında rəqabət apara bilməsə də, “onlar sualtı məkanda tədqiqatlar aparılması və onun işlənib hazırlanması sahəsində işləri davam etdirir”.

Admiral Foqqo deyib ki, o, Rusiya sualtı qayıqlarının “Kalibr” tipli qanadlı raketlər ata bilməsindən narahatdır. “Avropa ətrafında hər hansı bir dənizdən atılsa, bu raket Avropanın hər hansı bir paytaxtına çata bilər”-deyə, o bildirib.

Rusiya televiziyasının nümayiş etdirdiyi videoda sualtı qayığın atom dronunu suya buraxması kompüter vasitsilə simulyasiyası göstərilir, 1 mart, 2018.
Rusiya televiziyasının nümayiş etdirdiyi videoda sualtı qayığın atom dronunu suya buraxması kompüter vasitsilə simulyasiyası göstərilir, 1 mart, 2018.

Amerika admiralı Rusiyanın hazırda Qara və Aralıq dənizlərində dizel-elektriklə işləyən altı hərbi sualtı qayığı olduğunu bildirib.

Admiral Foqqo NATO-nun onun rəhbərliyi ilə Norveçdə qarşıdan gələn hərbi təlimlərinə də toxunub. Bu, 2001-ci ildən sonra ən böyük hərbi manevlər olacaq.

Onun sözlərinə görə, hərbi təlimlər alyansın nəzəriyyədə Rusiyanın Norveçə “hücumuna” cavabının simulyasiyası xarakteri daşıyır.

Admiral Foqqo deyib ki, Rusiya oktyabrın 25-də başlayacaq hərbi təlimləri müşahidə etməyə dəvət edilib. O, Moskvanı NATO-nun qabiliyyətlərinin öyrənilməsi məqsədilə dəvətnaməni qəbul etməyə çağırıb.

XS
SM
MD
LG