Accessibility links

ABŞ-Azərbaycan futbol matçının vaxtı bəlli oldu


Amerika Futbol Federasiyasının məlumatına görə, mayın 27-si futbol üzrə ABŞ milli komandası Azərbaycan yığması ilə qarşılaşacaq. Kaliforniya ştatının San Fransisko şəhərindəki Kendlstik Park stadionunda keçiriləcək oyun yerli vaxta 19:00-da başlayacaq. Bu, Bakı vaxtı ilə mayın 28-i səhər saat 7:00-a təsadüf edir.

Milli Futbol Liqası təmsilçisi “San-Fransisko 49” klubunun stadionu olan Kendlstik Park 69732 tamaşaçı tutumuna malikdir. Stadionda futbolla yanaşı, beysbol və Amerikan futbolu üzrə oyunlar da keçirilir.

Oyunun biletləri hələlik satışa çıxarılmayıb. Məlumat üçün bildirək ki, Birləşmiş Ştatların ev oyunlarının biletləri təxminən 40-300 dollar arasında dəyişir.

Hazırda FIFA-nın reytinq cədvəlində 13-cü pillədə olan ABŞ milli komandası 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında Almaniya, Portuqaliya və Qana yığmaları ilə birgə G qrupunda mübarizə aparacaq. Dünya Çempionatına yollanmamışdan öncə son 3 yoldaşlıq oyununda ABŞ Azərbaycanla yanaşı, Nyu Cersidə Türkiyə millisi, daha sonra isə Floridada Nigeriya yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, FIFA-nın reytinq cədvəlində Azərbaycan milli komandası 93-cü yerdə qərarlaşıb. Son yoldaşlıq oyununda isə komanda Filippin yığmasına 1-0 hesabı ilə qalib gəlib. ABŞ isə son yoldaşlıq oyununda Ukraynaya 2-0 hesabı ilə məğlub olub.
XS
SM
MD
LG