Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə Pakistan vətəndaşları Asif Muhammad Anjum və Khani Shah Navazın ABŞ-a təhvil verilməsi ilə bağlı Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.
Yerli medianın məlumatına görə, məhkəmə prosesində Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun nümayəndələri ilə yanaşı, ABŞ və Pakistanın Bakıdakı səfirliklərinin əməkdaşları da iştirak edir.
Hakim Əli Məmmədov deyib ki, adları çəkilən Pakistan vətəndaşları haqqında ABŞ-ın Nyu-York ştatının Ali Məhkəməsinin qərarı var. Onlar şəxsi məlumatların ələ keçirilməsi, dələduzluq, oğurluq kimi əməlləri törətməkdə suçlanır.
Amma məhkəmə qarşısına çıxarılan pakistanlılar bu ittihamları rədd edib. Həm Asif Muhammad Anjum, həm də Khani Shah Navaz deyib ki, onlar heç vaxt Amerikada olmayıblar. Bildirirlər ki, Birləşmiş Ştatlarla nə yaxından, nə uzaqdan əlaqələri olub, nə də ora ilə əlaqəli hər hansı cinayətdə iştirak ediblər. İstisna etmirlər ki, bu məsələdə yanlışlıq var. Məhkəmədən də xahiş ediblər ki, Ədliyyə Nazirliyinin onların ABŞ-a təhvil verilmələri barədə təqdimatı təmin olunmasın.
Hakim ABŞ -ın Azərbaycandakı Səfirliyinin təhlükəsizlik şöbəsinin əməkdaşından soruşub ki, bu şəxslərin ittiham olunduğu cinayətlərin detalları (nə vaxt, hansı ölkədə, hansı üsulla törədilməsi) haqda məlumat varmı?
"Hazırda məndə detallar barədə məlumat yoxdur. Amma lazımdırsa, bütün bunları yazılı şəkildə təqdim edə bilərəm," səfirliyin əməkdaşı belə cavab verib.
Həmin materialların Azərbaycan dilinə tərcümə olunmuş şəkildə məhkəməyə təqdim olunmasından ötrü noyabrın 25-nə qədər vaxt verilib.
Söhbətin məhz ABŞ ərazisində yox, internet vasitəsilə törədilmiş cinayətlərdən getdiyi istisna olunmur.