Accessibility links

ABŞ baş prokurorunun muavini istefa verdi


ABŞ baş prokurorunun müavini, 2017-ci ilin may ayında Rusiya höküməti ilə prezident Donald Trampın kampaniyası arasında əlaqələri araşdırması üçün xüsusi prokuror Robert Mülleri təyin edən Rod Rozenstin bazar ertəsi vəzifəsindən getdiyini açıqlayıb.

May ayında vəzifəsini tərk edəcək olan Rozenstinin bu addımı sürpriz deyil. Belə ki, onun mart ayında istefa verəcəyi gözlənilirdi. Ağ Ev bununla bağlı hələ ki, heç bir şərh verməsə də, Trampın Rozenstini əvəzləmək üçün nəqliyyat nazirinin müavini Ceffri Roseni təyin etdiyini qeyd edib.

Rozenstin baş prokuror Uilyam Barra Müllerin martın 22-də başa çatdırdığı 22 ay davam edən istintaqının nəticələrini ictimailəşdirməyə yardım etmək məqsədilə vəzifəsində daha uzun müddət qalıb.

Rozenstin Trampa ünvanladığı məktubda yazıb ki, o, Ədliyyə Nazirliyinə “Amerikanı möhtəşəm edən dəyərlərə sadiq” rəsmiləri işə almağa yardım edib.

Müllerin istintaqında Trampın kampaniyasının Moskva ilə qanunsuz əlaqələrinin olduğuna dair sübut irəli sürülməyib.

Müller son hesabatında Trampın ədaləti əngəlləyib-əngəlləmədiyinə dair bir nəticə çıxarmayıb, bunun əvəzinə hər iki tərəfi dəstəkləyəcək sübutlar irəli sürüb.

Yekun hesabatı alandan sonra Rozenstin və Barr da ayrı nəticə çıxararaq, prezidentə qarşı ittiham irəli sürmək üçün kifayət qədər dəlilin olmadığı qərarına gəlib.

“Biz qanunu qorxudan və ya kiməsə yaxşılıq etmək üçün tətbiq etmirik, çünki etibarlı dəlillər partiya məsələsi deyil”, Rozenstin məktubunda qeyd edib.

Respublikaçı Rozenstin Mülleri təyin etdiyinə görə tez-tez Tramp və onun müttəfiqləri tərəfindən tənqid olunub. O həmçinin Ədliyyə Nazirliyində demokratların qınağına səbəb olan bəzi qərarların verilməsində rol oynayıb.

Demokratlar Müller hesabatının bəzi hissələrini açıqladığına və Trampın ədaləti əngəlləmədiyinə qərar verdiyinə görə daha çox Barra qəzəblənib.

Lakin Rozenstin Müllerin ədalətin əngəllənməsinə dair topladığı dəlilləri dəyərləndirərək, Trampa qarşı ittiham irəli sürülməməsinə dair qərarın çıxarılmasında böyük rol oynayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG