Accessibility links

ABŞ Baqram hava limanına nəzarəti Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinə təhvil verib


ABŞ qüvvələri Əfqanıstandakı əsas Amerika bazası olan Baqram hava limanını tərk edərək nəzarəti Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinə təhvil verib.

Təxminən 20 ildir ki, Kabildən 60 kilometr şimalda yerləşən bu baza, ABŞ-ın Taliban qüvvələrini hakimiyyətdən uzaqlaşdırmaq və 11 sentyabr 2001-ci il tarixində minlərlə amerikalının ölümünə cavabdeh olan Əl-Qaidə terrorçularını zərərsizləşdirmək üçün apardığı mübarizədə mərkəzi rol oynayıb.

Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü cümə günü bütün xarici qoşunların Baqramdan geri çəkildiyini təsdiqləyib.

"Bütün koalisiya və Amerika hərbçiləri dünən axşam Baqram Hava Bazasını tərk ediblər. Baza ANDSF-yə təhvil verilib" - deyə, Favad Aman Twitterdə bununla bağlı paylaşım edib. O, Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinin bazanı qoruyacağını və ondan terrorizmlə mübarizə üçün istifadə edəcəyini də deyib.

ABŞ müdafiə rəsmisinin sözlərinə görə, Əfqanıstandakı ABŞ qüvvələrinin komandiri General Ostin “Skot” Miller hələ də orada Amerika qüvvələrinə nəzarət edir.

“General Miller hələ də qüvvəni qorumaq üçün bütün imkanları və səlahiyyətləri özündə saxlayır” - deyə, rəsmi şəxs anonimliyi qorumaq şərti ilə Amerikanın Səsinə məlumat verib.

Rəsminin sözlərinə görə, həftəsonu ABŞ-ın Əfqanıstanla bağlı əlavə bəyanatları gözlənilmir. Mətbuatda yer alan başqa məlumatlarda isə qüvvələrin Əfqanıstandan geri çəkilməsinin bazar günü, 4 iyul - ABŞ-ın Müstəqillik Günü ilə tamamlana biləcəyi iddia edilir.

Taliban sözçüsü Zabihullah Mücahid bəyanatı alqışlayıb.

“Bu geri çəkilməni müsbət addım hesab edirik. Əfqanlar xarici qüvvələrin tam çəkilməsi ilə sabitliyə və sülhə yaxınlaşa bilər" – deyən Mücahid, Amerikanın Səsinə geri çəkilmənin həm ABŞ, həm də Əfqanıstan üçün faydalı olduğunu bildirib.

XS
SM
MD
LG