Birləşmiş Ştatların dövlət katibi Mike Pompeo çərşənbə axşamı ABŞ-ın Belarus hökumətinin müxalifət fəalı Mariya Kolesnikovanı ölkədən zorla çıxarmaq cəhdlərindən dərin narahatlığını bildirib. ABŞ-ın baş diplomatı Birləşmiş Ştatların və digər ölkələrin Belarusdakı son hadisələrə cavab olaraq sanksiyalar tətbiq etməyi nəzərdən keçirdiyini deyib.
“Biz sentyabrın 6-da dinc yürüş iştirakçılarının qəddarcasına döyülməsi, yüzlərlə həbslər və qaçırılmalar haqda artan məlumatlar da daxil olmaqla, Belarus hakimiyyətinın əsassız zorakılıq və repressiyaları qarşısında azad və ədalətli seçkilərdə öz liderlərini seçmək hüquqlarını tələb edən xanım Kalesnikavanın və Belarus xalqının cəsarətini təqdir edirik” - deyə, Pompeo bəyanatda bildirib.
O, potensial sanksiyaların “Belarusda insan haqlarının pozulması və repressiyalarla əlaqəsi olanların məsuliyyətə cəlb edilməsinə” yönəldiləcəyini deyib.
Kolesnikova bazar ertəsi müxalifətin digər iki üzvü olan Anton Rodnenkov və İvan Kravtsovla birlikdə saxlanılıb və çərşənbə axşamı Belarus və Ukrayna arasındakı sərhədə aparılıb. Orada pasportunu cıran Kolesnikovanın Belarus tərəfdə həbs edildiyi, Rodnenkov və Kravtsovun isə Ukraynaya keçdikləri bildirilib.
"O qışqırıraraq heç bir yerə getməyəcəyini deyirdi", Rodnenkov Kiyevdə keçirilən mətbuat konfransında deyib. “Avtomobildə oturan zaman o, pasportunu ön oturacaqda gördü və onu götürüb cıraraq, pəncərədən atdı. Bundan sonra arxa qapını açıb yenidən Belarus sərhədinə doğru getdi” - deyə, o bildirib.
BMT-nin baş katibi Antonio Quterresin sözçüsü açıqlamasında “dinc nümayişçilərə qarşı dəfələrlə güc tətbiq edilməsi və müxalif vətəndaş cəmiyyəti fəallarına təzyiqlərlə bağlı məlumatlardan” narahatlığını ifadə edib.
Avqustun 9-u uzun müddətdir ölkənin prezidenti olan Aleksandr Lukaşenkonun qalib elan edildiyi, lakin müxalifət partiyaları, ABŞ və Avropa İttifaqının saxdalaşdırıldığını iddia etdiyi seçkilərdən sonra beş həftədir davam edən etiraz aksiyalarında minlərlə insan iştirak edib.
Almaniyanın xarici işlər naziri Heiko Maas twitter səhifəsində Avropa Birliyinin “sanksiyalar paketi üzərində işləyir, Lukaşenko mövqeyini dəyişməzsə, ona cavab verəcəyik" yazıb.
Reuters xəbər agentliyi Avropa Birliyinin üç diplomatına istinadən bazar ertəsi bildirib ki, Belarusun 31 yüksək vəzifəli məmuruna qarşı sanksiyalar tətbiq edilməsi planlaşdırılır.
Nümayişlər zamanı 7000-dən çox etirazçı həbs olunub, çox sayda zorakılıqlar və işgəncələr barədə dəlillərin olduğu, azı 4 nəfərin öldüyü bildirilib.