Accessibility links

ABŞ BMT-yə Paris İqlim Razılığından geri çəkiləcəyi ilə bağlı nota verib


ABŞ Prezidenti Donald Tramp
ABŞ Prezidenti Donald Tramp

Birləşmiş Ştatlar bazar ertəsi Birləşmiş Millətlər Təşkilatına 2015-ci ildə istixana qazaları emissiyalarının azaldılması məqsədilə imzalanan Paris iqlim razılığından geri çəkiləcəyi ilə bağlı bildiriş verdiyini açıqlayıb.

Birləşmiş Ştatlar dünya boyu istixana qazı emissiyalarına görə Çindən sonra ikinci yerdədir.

ABŞ prezidenti Donald Tramp seçki kampaniyası zamanı ABŞ-ın demək olar bütün digər ölkələrin imzaladığı Paris razılığına əməl etməsinin əleyhinə çıxış edirdi. Razılıq qüvvəyə minəndən sonra 3 illik gözləmə müddəti olduğu üçün, bazar ertəsi Vaşinqtonun rəsmi bildirişini təqdim edə biləcəyi ilk gün idi. ABŞ-ın razılıqdan geri çəkilməsi üçün isə əlavə bir il vaxt tələb olunur. Bu isə o deməkdir ki, ABŞ 2020-ci ilin noyabrın 4-də rəsmi olaraq razılıqdan geri çəkiləcək. Bu da ABŞ-da prezident seçkisindən bir gün sonraya təsadüf edəcək.

Trampın Demokrat rəqibləri bu qərarı dəstəkləmir və əgər onlardan biri prezident seçkisində qalib gəlsə, həmin insan 2021-ci ilin yanvar ayında vəzifəsinin icrasına başlayandan sonra bu qərarı ləğv edə bilər.

Ağ Evin önündə Trampın Paris İqlim Razılığından geri çəkilmək qərarına qarşı etiraz. 1 iyun 2017.
Ağ Evin önündə Trampın Paris İqlim Razılığından geri çəkilmək qərarına qarşı etiraz. 1 iyun 2017.

Paris Sazişinin məqsədi bu əsrdə qlobal temperatur artımını sənaye dövründən öncəki temperaturdan 2 dərəcə yüksək səviyyədə temperatur ilə məhdudlaşdırmaqdır. Bundan əlavə razılıq ölkələrin iqlim dəyişikliyinə qarşı mübarizə və iqlim dəyişikliyinin təsirlərini azaltmaq imkanlarını artırmaq məqsədi daşıyır.

BMT-nin sözçüsü ABŞ-ın bildirişini aldığını təsdiq edib və deyib ki, BMT yaxında məsələ ilə bağlı açıqlama verəcək.

Tramp administrasiyası bildirir ki, ABŞ-ın istixana qazları emissiyası Paris Razılığından asılı olmayaraq 2005-ci ildən 2017-ci ilədək 13 faiz azalıb, ölkənin iqtisadiyyatı isə 19 faizdən çox artıb.

Birləşmiş Ştatlarda ştat və şəhər səviyyəsində habelə özəl sektorda iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq istəyi var.

XS
SM
MD
LG