Prezident Donald Tramp və dövlət katibi Mayk Pompeo oktyabrın 2-də Washington Post yazarı və ABŞ sakini Camal Xaşuqcinin İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğunda hissələrə bölünərək qəddar qətlinə baxmayaraq, ABŞ-ın Səudiyyə Ərəbistanı ilə davamlı tərəfdaşlığa davam edəcəyini bildiriblər. Bəyanat Mərkəzi Kəşfiyyat Agentliyinin Səudiyyənin vəliəhd şəhzadəsinin qətlin sifarişində əlaqəsi olduğu açıqlamasından sonra verilib.
Bu mənim üçün çox sadə bir hesablamadır. Mən Amerikanı yenidən möhtəşəm edəcəm, mənim üçün Amerika birincidir.Donald Tramp
Səudiyyəli jurnalistin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətli artıq yeddi həftədir ki, bütün dünyanın diqqətini özünə cəlb edib. Çərşənbə axşamı Tramp administrasiyası qətlin kim tərəfindən törədildiyi və bunun ABŞ-Səudiyyə Ərəbistanı əlaqələrinə təsiri barədə son nəticəyə gəlib. ABŞ prezidenti Donald Tramp açıq şəkildə bildirib ki, mümkündür vəliəhd şahzadə Məhəmməd Bin Salman Xaşuqcinin ötən ay öldürülüb, “cəsədinin parçalara bölünməsi” barədə xəbəri olub, amma buna baxmayaraq, o, Səudiyyə Ərəbistanı tərəfində dayanır.
"Bu mənim üçün çox sadə bir hesablamadır. Mən Amerikanı yenidən möhtəşəm edəcəm, mənim üçün Amerika birincidir” - deyə, Tramp bildirib.
ABŞ-ın rəsmi Ər-Riyada silah satışını və Səudiyyə neftinin hasilatını əsas gətirərək, prezident Səudiyyə Ərəbistanına qarşı “ağılsız addımlar” atmaqla qlobal iqtisadiyyatı məhv etməyəcəyini və Amerikada məşğulluluğa zərər gətirməyəcəyini deyib.
Dövlət katibi Mayk Pompeo prezidentin fikrini təkrar edib və jurnalistin qətlinə Səudiyyə Ərəbistanı Krallığı və ya vəliəhd şahzadənin sifariş verdiyini necə ayıracağına dair suala tam cavab verməyib.
"Dünya çox qəddar və çətindir. Xüsusən də Yaxın Şərq. Ortada Amerika xalqını qorumaq üçün mühüm Amerika maraqları var", Pompeo deyib.
Açıqlama Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatından sonra verilib. Hesabatda Xaşuqcinin qətlini vəliəhd şəhzadənin sifariş verdiyi və onun yaxın çevrəsi tərəfindən həyata keçirildiyi bildirilir. Bir sıra xarici siyasətçilər Trampın bəyanatını kəskin tənqid edib.
"Yəni, ABŞ prezidenti bir bəyanatla Amerika kəşfiyyat icmasının qərarını pozdu və yaxşı insan, Washington Postun müxbiri, Virciniya sakininin qəsdən öldürülməsini aydın şəkildə həyata keçirən bir rejimə güvəndi” - deyə, Vilson Mərkəzindən Aaron Dyevid Miller söyləyib.
Miller bu cür dəhşətli qətldən sonra vəliəhd şəhzadəni dəstəkləməyin Amerika dəyərləri və maraqlarına zidd olduğunu deyib və bunun gənc şəhzadənin növbəti 50 il üçün Səudiyyə Ərəbistanı kralı ola biləcək faktına yanlış ton qatdığını bildirib.
Tənqidlər həmçinin sosial şəbəkələrdə də öz əksini tapıb. Demokratik senator Tim Keynin tviti bunlardandır. Hər iki tərəfdən bəzi qanunvericilər bayram tətilindən sonra işlərinə geri döndükləri zaman Səudiyyə Ərəbistanına qarşı sərt tədbirlər görüləcəyini vəd edib.