Accessibility links

Xəstəliklərə Nəzarət Mərkəzi: Koronavirusa qarşı tam peyvənd olunan insanlar maskasız gəzə bilər


ABŞ-ın səhiyyə rəsmilərinin cümə axşamı dediyinə görə, koronavirusa qarşı peyvəndin tam dozasını alan insanlar maskasız gəzə və əksər sosial mühitlərdə sosial məsafəni qorumaya bilər.

Lakin xəstəxanalarda, həbsxanalarda, evsizlərin sığınacaqlarında və bütün ictimai nəqliyyat növlərində maska taxmaq tələb olunacaq.

"Hamımız bu anı - normal həyatın bəzi məqamlarına qayıtmaq zamanını gözlədik" - deyə, Xəstəliklərə Nəzarət Mərkəzlərinin direktoru, doktor Roşel Valenski bildirib.

Digər tərəfdən isə Yaponiyada Tokio Olimpiadasının ləğv edilməsinə çağıran ərizəyə 350 000-dən çox imza atılıb. Ərizə cümə günü Olimpiya və Paralimpiya Komitəsinin rəhbərlərinə və Tokionun qubernatoru Yuriko Koikeyə təqdim edilib.

Olimpiya oyunlarının iyulun 23-ü başlayacağı Tokio da daxil olmaqla, Yaponiyanın müxtəlif regionlarında yoluxma hallarının artdığı müşahidə edilir.

Yaponiya rəsmiləri keçən il COVID epidemiyası səbəbi ilə ləğv edilən Olimpiya Oyunlarının keçirilməsi planlarında qərarlı görünür. "Qlobal bir pandemiya olsa da, təhlükəsiz və etibarlı Tokio-2020 Oyunlarının keçirilməsi vacibdir" - deyə, qubernator Koike bu yaxınlarda bildirib.

Hindistanın Baş naziri Narendra Modi "Biz gözə görünməyən bir düşmənlə qarşılaşır, onunla müharibədə olduğu kimi döyüşürük" deyib.

Cümə günü Hindistanda son 24 saat ərzində 343 144 yeni yoluxma halının qeydə alındığı bildirilib. Keçən həftə gündəlik yoluxma hallarının sayı bəzən 400 000-i keçirdi.

ABŞ-da Hindistanla müqayisədə COVID-19-a ümumi yoluxma halları daha çoxdur. Lakin səhiyyə rəsmiləri Hindistanda koronavirusa yoluxanların sayiının düzgün hesablanmadığını düşünür.

Dünyanın ən böyük peyvənd istehsalçısı olan Serum İnstitutunun Hindistanda yerləşməsinə baxmayaraq, peyvənd çatışmazlığı və onların istehsalı üçün lazım olan xammal çatışmazlığı bu Cənubi Asiya ölkəsindəki böhranı daha da dərinləşdirir. 1,3 milyard əhalisi olan Hindistanda indiyə qədər peyvənd 3 faizdən az insana tətbiq edilib.

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin bildirdiyinə görə, koronavirusa Hindistanda 24 milyon, ABŞ-da 32.9 milyon COVID-19-a yoluxub.

XS
SM
MD
LG