ABŞ Dövlət Departamentinin hər il açıqladığı Beynəlxalq Din Azadlığı hesabatında İran, Myanma, Rusiya, Səudiyyə Ərəbistanı və Çin dünyada din azadlıqlarının ən kobud şəkildə pozulduğu ölkələr sırasında göstərilib. Hesabatda Çinin uyğur müsəlmanlar və digər dini və etnik azlıqlara qarşı kütləvi kampaniyası xüsusi vurğulanıb. Hesabatı təqdim edən ABŞ Dövlət katibi Antoni Blinken din azadlıqlarını əsas insan hüquqlarından biri olaraq qeyd edib.
ABŞ Dövlət katibi Antoni Blinkenin bildirdiyi kimi, builki Beynəlxalq Din Azadlığı hesabatında Çinin Uyğur müsəlmanları sistemli şəkildə izləməsi və kütləvi halda həbs etməsi vurğulanır.
“Çin dinin ifadə edilməsini geniş miqyasda cinayət sayır və müsəlman uyğurlara və digər dini və etnik azlıqların nümayəndələrinə qarşı insanlığa qarşı və soyqırım cinayətlərinə davam edir. Bu gün mən Çenqduda bidətçi dinlərin qarşısının alınması və onlara qarşı mübarizədə üzrə Mərkəzi Aparıcı Qrupun keçmiş ofis direktoru Yu Huinin insan haqlarının kobud şəkildə pozulması, xssusilə də Falun Gong tərəfdarlarının özbaşına həbslərxə iştirak etdiyini elan edirəm. Yu Huinin və onun ailəsinin Birləşmiş Ştatlara daxil olması qadağan edilir.”
Çin soyqırım və insanlığa qarşı cinayət iddialarını rədd edir və "peşə təhsili mərkəzləri" vasitəsi ilə Sincanda ekstremizmə qarşı mübarizə apardığını bildirir. Lakin Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi Daniel Nadel Çinin bütün bölgəni faktiki olaraq "açıq havada həbsxanaya" çevirdiyini deyib.
Blinken həmçinin İran və Rusiya kimi dini azlıqları hədəf alan digər ölkələri də qeyd edib.
“Nigeriyada məhkəmələr insanları küfrdə günahlandırmaqda davam edərək, onları uzun müddət həbs və ya ölüm cəzasına məhkum edir. Hökumət hələ də 2015-ci ildə yüzlərlə şiə müsəlmanın qətliamına görə heç kimi məusliyyətə cəlb etməyib. Səudiyyə Ərəbistanı dünyada xristian kilsəsinin olmadığı yeganə ölkə olaraq qalır, baxmayaraq ki, Səudiyyə Ərəbistanında milyonlarla xristian yaşayır.”
Blinken habelə Səudiyyə Ərəbistanını 2014-cü ildə İslamı təhqir etdiyi və Ər-Riyadın qəbuledilməz hesab etdiyi debatlara təşviq etdiyi üçün on il həbs və 1000 şallaq cəzasına məhkum edilən Rauf Bədəvi kimi vicdan məhbuslarını azad etməyə çağırıb.