Accessibility links

ABŞ Dövlət Departamentinin Demokratiya və İnsan Haqları Bürosu Polad Aslanovu sərbəst buraxmağa çağırır


“Biz Azərbaycan hakimiyyətindən 2019-cu ilin iyunundan bu yana Dövlət Təhlükəsizliyi Xidmətindəki korrupsiyanı ifşa etdikdən sonra tutulan Polad Aslanov da daxil olmaqla, əsas azadlıqlardan istifadə etdiyinə görə həbs edilən bütün jurnalistləri sərbəst buraxmağa çağırırıq.

Bu barədə ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri bürosunun noyabrın 2-də yaydığı bəyanatda deyilir.

“Aslanovun hekayəsində Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin İrana dini ziyarətləri asanlaşdırmaq üçün qanunsuz bir iş apardığı barədə məlumat verilir. O, Dövlət Təhlükəsizlik Xidmətinin onu yalan ifadələri imzalamağa məcbur etdiyini və hüquqlarını pozduğunu iddia edib,” bəyanatda qeyd edilir.

Büro Polad Aslanova qarşı məhkəmə prosesinin davam etdiyini qeyd edib.

Qapalı keçirilən məhkəmədə prokuror Aslanova 17 il həbs istəyib.

Belə ki, oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror jurnalistə 17 il həbs istəyib.

Xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanov 2019-cu il iyunun 12-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatda deyilir ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Polad Aslanov ittihamı qəbul etmir, xaricə ziyarətə zəvvarları aparan şirkətlərdən xüsusi xidmət orqanları əməkdaşlarının rüşvət alması barədə yazılarına görə sifarişlə cəzalandırıldığını bildirir.

XS
SM
MD
LG