Accessibility links

ABŞ Dövlət Departamentinin sözçüsü Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliklə bağlı bəyanat yayıb


ABŞ Dövlət Departamentinin sözçüsü Azərbaycanla Ermənistan arasında baş verən son gərginliklə bağlı bəyanat yayıb. Ned Prays Birləşmiş Ştatların Ermənistanla Azərbaycan arasındakı beynəlxalq sərhəddə baş verən son hadisələr, o cümlədən bir neçə erməni əsgərinin Azərbaycan qüvvələri tərəfindən saxlanmasından narahatlığını bildirib. Dövlət Departamentinin sözçüsü ABŞ-ın hər iki tərəfi insidenti dərhal sülh yolu ilə həll etməyə çağırdığını bildirib.

“Biz həmçinin Azərbaycanı bütün müharibə məhbuslarını və digər saxlanılanları dərhal sərbəst buraxmağa çağırırıq və Azərbaycana beynəlxalq humanitar qanunlara uyğun olaraq bütün saxlanılanlara insani rəftar göstərmək haqda öhdəliyini xatırladırıq.”

Bəyanatda həmçinin deyilir ki, Birləşmiş Ştatlar Ermənistanla Azərbaycan arasındakı sərhədin demarkasiya olunmayan hissələrində hər hansı hərəkəti "təxribatçı və lazımsız" hesab edir. “Biz sərhədin demarkasiyası üçün gücdən istifadəni rədd edirik və hər iki tərəfi öncəki mövqelərinə geri dönməyə və demarkasiya xəttinin çəkilmədiyi sərhəddə hərbi istehkamların qurulmasına və minaların yerləşdirilməsinə son qoymağa çağırırq. Biz xüsusilə də Azərbaycanı qüvvələrini mayın 11-də olduğu mövqeyə yerləşdirməyə çağırırıq. Biz həmçinin Ermənistanı da qüvvələrini mayın 11-dəki mövqeyə yerləşdirməyə çağrırıq və bununla bağlı niyyət bəyanatlarını alqışlayırıq.” Bəyanatda qeyd olunur ki, bu cür addımlar gərginliyin azaldılması və sərhədin təcili surətdə demarkasiyası üçün dinc danışıqlar prosesinə imkan yaradır. “Birləşmiş Ştatlar bu səylərə yardım etməyə hazırdır”, bəyanatda bildirilir.

Bəyanatda həmçinin qeyd olunur ki, "Birləşmiş Ştatlar tərəfləri Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həllinə nail olmaq üçün mümkün qədər tez bir zamanda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında substantiv danışıqlara qayıtmağa çağırır.”

BMT-nin baş katibinin sözçüsü Stefan Dujarrik də Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələri narahatlıqla izlədiyini bildirib. “Biz bütün oyunçuları gərginliyi daha da artıra biləcək hər hansı hərəkətlərdən uzaq durmaq üçün təmkinli olmağa çağırırq,” sözçü bildirib.

XS
SM
MD
LG