Accessibility links

ABŞ Dövlət Katibi Azərbaycanda Respublika Günü münasibəti ilə bəyanatla çıxış edib


ABŞ-ın Dövlət Katibi Mayk Pompeo Azərbaycanda Respublika Günü münasibəti ilə bəyanatla çıxış edib.

Sənəddə deyilir: “Amerika Birləşmiş Ştatlarının hökuməti adından Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edirəm.

Biz təhlükəsizlik, energetika, iqtisadi inkişaf ilə yanaşı insan hüquqlarının və əsas azadlıqların qorunması kimi vacib sahələrdə birgə çalışırıq.
Mayk Pompea, ABŞ Dövlət Katibi

Amerika Birləşmiş Ştatları və Azərbaycan otuz ilə yaxındır ki, mühüm tərəfdaşlıq əlaqələrindən bəhrələnməyə davam edir. Biz təhlükəsizlik, energetika, iqtisadi inkişaf ilə yanaşı, insan hüquqlarının və əsas azadlıqların qorunması kimi vacib sahələrdə birgə çalışırıq. Əfqanıstanda sülhün qurulması naminə çiyin-çiyinə fəaliyyət göstərən, habelə Cənub Qaz Dəhlizi vasitəsilə Avropada enerji təhlükəsizliyini gücləndirmək üçün birgə çalışan dövlətlərimiz ən vacib qlobal məsələlər üzərində əməkdaşlığı davam etdirir.

ATƏT-in Minsk Qrupunun həmsədri olan Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üçün üzərinə götürdüyü öhdəliyə sadıq qalır.

Bu il COVİD-19 pandemiyası səbəbindən dünya unikal çağırışlarla üzləşmişdir. Amma mən əminəm ki, Azərbaycan xalqı bu çətinliklərin üzərindən cəsarət və qətiyyətlə gələcək. Azərbaycan xalqı ilə birgə olan Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləyir,” sənəddə qeyd edilir.

ABŞ-ın Azərbaycandakı Səfirliyi də Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib.

“Biz ölkədə yaşayan insanlara uğur və firavanlıq arzulayırıq. Biz həmçinin Respublika Günü Münasibətilə Dövlət Katibi Pompeo tərəfindən Azərbaycana ünvanlanmış təbrik mesajını sizinlə bölüşmək istəyirik. Respublika Günün mübarək, Azərbaycan!”, səfirliyin məlumatıda deyilir.

XS
SM
MD
LG