Accessibility links

ABŞ Dövlət katibi USAGM rəhbəri ilə Rusiyada mətbuat azadlığı ilə bağlı durumu müzakirə edib


Kreml Azadlıq Radiosu və Amerikanın Səsi daxil olmaqla müstəqil mətbuata qarşı repressiv siyasət yürüdür.

ABŞ Dövlət katibi Entoni Blinken çərşənbə axşamı azad və müstəqil medianın dünyada demokratik prinsiplərin qorunub saxlanılmasında və təbliğində oynadığı mühüm rolu müzakirə etmək üçün ABŞ-ın Qlobal Media Agentliyinin (USAGM) Baş direktoru vəzifəsini müvəqqəti icra edən Kelu Çao ilə görüşüb. Bu barədə Dövlət Departamentinin məlumatında bildirilir.

Dövlət Departamentinin sözçüsü Ned Praysın bildirdiyinə görə, Blinken USAGM-ə bağlı olan bütün KİV-lərə, o cümlədən Azadlıq radiosu / Azad Avropa, Azad Asiya Radiosu, Amerikanın Səsi, Yaxın Şərq Yayım Şəbəkəsi və Kuba Yayım Şəbəkəsinə dəstəyini ifadə edib.

"Mətbuat azadlığının olmadığı, müstəqil jurnalistikanın senzuraya məruz qaldığı, ifadə azadlığının məhdudlaşdırıldığı və ya hətta cəzalandırıldığı ölkələrdə bu media şəbəkələri tərəfindən hadisələrin müstəqil işıqlandırılması xüsusilə vacibdir", Dövlət Departamentinin açıqlamasında bildirilir.

Entoni Blinken və Kelu Çao ayrıca olaraq Rusiya hökumətinin media azadlığını məhdudlaşdırmağa davam etməsi ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər. Moskva bu günlərdə Kreml "xarici agent" olduğuna inandığı mediaya qarşı yeni aqressiv tələblər irəli sürüb və qanunvericiliyin pozulmasına görə cəzaların tətbiqini qəbul edib. Buraya Rusiyada Azadlıq Radiosu və Amerikanın Səsi radiosunun potensial cinayət təqibi də daxildir. Hakimiyyət orqanları AzadlıqRadiosunu Rusiyadan çıxarmaq və müstəqil mətbuatı susdurmaq üçün bu addımı atmağa hazırdır.

Dövlət Duması üçüncü oxunuşda "xarici agentlə əlaqəli şəxs" kimi yeni bir konsepsiya təqdim edən və ayrıca fiziki şəxslərin - "xarici agentlərin" və "onlarla əlaqəli şəxslərin seçkilərdə iştirakı prosedurunu müəyyən edən bir qanun layihəsini təsdiqləyib. Bu barədə aşağı palatanın veb saytında məlumat verilib.

XS
SM
MD
LG