Azərbaycanda yalnız bir neçə günlük səfərdə olmasına baxmayaraq, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin səlahiyyətlərini icra edən Filip Riker Bakının əzəmətli tarixi abidələrdən biri olan İçəri Şəhəri ziyarət etmək şansını əldən verməyib.
Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, öz işgüzar səfərinin sonunda səfir Riker Şirvanşahlar Sarayını və İçəri Şəhərin digər tanınmış yerlərini ziyarət edib.
"Bakının həqiqətən mədəniyyətlərin qovşağı olduğunu qeyd edən səfir Riker növbəti səfər zamanı Küləklər şəhərini kəşf etməsinə daha çox vaxt sərf edəcəyinə umid edir," ABŞ Səfirliyi qeyd edir.
ABŞ Dövlət Departamentinin verdiyi açıqlamaya görə, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker 6-13-iyun tarixlərində Gürcüstan, Azərbaycana və Ermənistana səfər edir. Səfər zamanı onun ikitərəfli və regional prioritetləri inkişaf etdirmək və ABŞ-ın bölgədəki demokratik və iqtisadi inkişafa dəstəyini ifadə edəcəyi gözlənilir.