Accessibility links

ABŞ-da ara seçkilərin nəticələri Trampın prezidentliyinə ciddi təsir göstərə bilər


Tam bölünmüş ABŞ elektoratı çərşənbə axşamı Konqresə yeni üzvlər seçmək üçün səs verir. Seçkilərin nəticələri Vaşinqtonda güc balansını dəyişə və növbəti iki ildə Trampın prezidentliyinə təsir göstərə bilər.

Çərşənbə axşamı Nümayəndələr Palatasında bütün 435 yer, ABŞ Senatında 100 yerdən 35-i və dövlət idarəçiliyində 50 yerdən 36-na namizədlər seçiləcək.

İctimai rəy sorğuları və analitiklər demokratların Nümayəndələr Palatasına nəzarəti ələ almaq üçün üstünlüyə malik olduğunu göstərir. Demokratlar Nümayəndələr Palatasında indikindən daha çox yer qazana bilər.Ppalatada çoxluğa nail olmaq üçün onlara ümumilikdə 23 yer lazımdır.

Respublikaçılar isə Senatda 51 - 49 nisbətində fərqi qoruyub saxlamaq üçün prezident Trampın kampaniyalar keçirərək tərəfdarlarını inandıra biləcəyinə ümid edir. Senatda 35 yer uğrunda mübarizə aparılır. Bu yerlərdən 26-sı demokratlara, 9-u isə respublikaçılara məxsusdur.

Demokratlar Tennessi ştatı da daxil olmaqla, Trampın 2016-cı il seçkilərində qalib gəldiyi 10 ştatın Senatdakı yerlərini saxlamağa çalışır.

Tramp bu yaxınlarda Çatanuqada keçirdiyi kampaniyada mühacirət siyasəti ilə bağlı demokratları tənqid edib.

“Demokratlar karvanlarla qeyri-qanuni mühacirləri bizim ölkəmizə dəvət etmək istəyir. Mən belə düşünmürəm. Mərkəzi Amerikadan mühacir karvanı yavaş-yavaş Meksikadan keçir. Heç bir ölkə sərhədlərinin pozulmasına imkan verə bilməz. Bu, işğaldır. Saxta mətbuatın dediklərinin mənim üçün əhəmiyyəti yoxdur. Bu, bizim ölkənin işğal olunması deməkdir”–deyə, Tramp bildirib.

Demokratlar isə sabiq ABŞ prezidenti Barak Obama da daxil olmaqla, kampaniya keçirməkdə yüksək təcrübəsi olan liderlərin köməyindən istifadə edir. Doğma İllinoys ştatında seçicilər qarşısında çıxış edən Barak Obama karvanın qarşısını almaq üçün Trampın ABŞ qoşunlarını sərhədə göndərməsinin siyasi oyun olduğunu deyib.

Demokratlar Nümayəndələr Palatasında nəzarəti geri ala biləcəklərinə nikbinliklə baxır. Ötən həftə demokratların Nümayəndələr Palatasındakı lideri Nensi Pelosi bunun baş verəcəyini proqnozlaşdırıb.

Rəy sorğuları göstərir ki, respublikaçılar diqqəti mühacirətə verdiyi halda, demokratlar əsas diqqəti səhiyyə xidməti və iqtisadiyyata yönəldib.

XS
SM
MD
LG