Accessibility links

ABŞ-da böyük toy biznesi


Amira Əhmədiyə oktyabr ayında evlənir. O deyir ki, pandemiya zamanında toy üçün hazırlıq görmək asan olmasa da, o, evliliyini qeyd etmək üçün sevdiklərini bir araya toplayacağına görə həyəcanlıdır.

Merilenndə işləyən məhsul testi analisti hər zaman toyundan daha çox doğru insanı tapmağı xəyal etdiyini desə də, çox qısa müddətdə ekspertlərin dili ilə desək “toy sənayesi komplesi”nə daxil olub.

“Mənim seçdiyim məkan masalar və stulların icarəsini və ketrinqi həll edir. Amma bizim həm də çiçəkçiyə, fotoqrafa, bəlkə videoqrafa və DJ-ə ehtiyacımız olacaq. Bundan əlavə masaların üzərindəki kiçik nişanələr, salfetlər və başqa kiçik detallara ehtiyacımız olacaq. Bu siyahının sonu yoxdur,” o deyir.

Rayan Malaeb Amira Əhmədiyəyə evlilik təklifi edir.
Rayan Malaeb Amira Əhmədiyəyə evlilik təklifi edir.

Təmtəraqlı ağ gəlinlikli toy İkinci Dünya Müharibəsindən sonra paraşütlərin istehsalı üçün inkişaf etdirilən və gəlinlikləri atlaz və ipəkdən daha ucuz şəkildə istehsal etməyə imkan yaradan neylon və süni ipək kimi yeni ucuz parçaların mövcudluğu nəticəsində bir adətə çevrilib.

Brilyantlar isə gəlinlərə 1930-cu illərdən sonra verilməyə başlayıb. Evlilik təkliflərində brilyant üzüklərdən istifadə 1940-cı illərdə De Beers brilyant kartelinin reklam çarxından sonra Amerika mədəniyyətində öz əksini tapıb.

“Onlar brilyantlarla məhəbbət arasında kiçik bir əlaqə tapdılar və Madison Avenue reklam şirkətini işə aldılar. Onlar da “brilyatlar əbədidir” ideyasını irəli sürdü,” Middlebury Kollecində gender, seksualizm və feminizm araşdırmaları fakültəsinin profesoru və direktoru, habelə “Love, Inc.” kitabının müəllifi Lori Essiq deyir.

"Onlar hətta müxtəlif filmlərdə brilyantların yer alması üçün Hollivuda pul veriblər,” Essiq deyir.

Lina and Nima Vaezin toy günü.
Lina and Nima Vaezin toy günü.

Böyük toy sənayesi dolanışıq əldə etmək üçün toylardan asılı olan tədbir təşkilatçıları, paltar ustaları, zərgərlər, çiçəkçilər, iaşəçilər, toy zalları, DJ-lər, fotoqraflar, videoqraflar, saç ustaları, makiyaj ustalarından ibarətdir.

“Bu, İkinci Dünya Müharibəsindən sonra ABŞ-da böyük biznesə çevrilib. Toylara cəlb olunan müxtəlif biznesləri nəzərə aldıqda onlar Amerika iqtisadiyyatının həqiqi mühərriyinə çevriliblər,” Ohayo Universitetinin tarix professou Katerin Cellison bildirir.

Gəlinlər və bəylər toyla əlaqəli əşya və xidmətlərə on minlərlə dollar xərcləmədən öncə, yaşadıqları cəmiyyət və o cəmiyyətin mədəniyyəti onlara toy xərclədikləri pulun buna dəyməli olduğunu aşılayır.

“Balaca qızlara satılan oyuncaqlar, onların izlədikləri çizgi filmləri bir milyon yolla nağıl şahzadəsi imici yaradır və bir gənc qızın yalnız toy günündə ağ uzun gəlinlik geyindiyi zaman real həyatda şahzadə olmaq şansı olur.”

Cellisonun sözlərinə görə, bir qadının toy günü onun uzunsürən günahkarlıq hissi olmadan diqqət məkrəzində ola biləcəyi yeganə vaxtdır. O, özü isə həyatının ən yaxşı günü olaraq toyu əvəzinə doktorluq dissertasiyasını müdafiə etdiyi günə üstünlük verir.

“Amma cəmiyyət hələ də bəzi qadınların qeyd edəcəyi daha mühüm hadisələrin olduğunu qəbul etməyib,” o deyib. “Cəmiyyət qadının toy günündə diqqət mərkəzində olmağa layiq olduğunu, hər kəsin onu şounun ulduzu olaraq görməli olduğunu qəbul edib.”

Amira Əhmadiyə gəlinlik mağazasında.
Amira Əhmadiyə gəlinlik mağazasında.

Essiq araşdırmasının bir hissəsi olaraq toy təşkilatçılarının gələcək gələn və bəylərə əşya və xidmət satmağa çalışdığı sərgidə cütlüklərdən müsahibə alıb. O, gənc cütlüklərin gələcəkdəki sosial və iqtisadi baxımdan qeyri-müəyyən zamanlarda təhlükəsizlik axtardıqlarını aşkar edib.

"1980-ci illərdən başlayaraq toylara daha çox pul xərclənməyə başladı, həm toy sənayesi, həm də romantika ideologiyasında artım oldu. Şahzadələrlə bağlı filmlər yenidən çəkilməyə başladı. 70 və 80-ci illərdə bir ara bu cür filmlər çəkilmirdi. Yəni bizdə ölkə olaraq belə bir fikir yaranıb ki, təhlükəsiz və təminatlı gələcəyin olmağın yeganə yolu “o insanı” tapmaqdır," o deyir.

Gələcək gəlin Əhmədiyənin təmtəraqlı toy gözləntiləri olmasa da, onun ən böyük narahatlıqlarından biri qonaqların onun toyu ilə bağlı nə düşünəcəyidir.

“Məncə insanların gözləntiləri və ya insanların sənin toyunla bağlı gözləntiləri sənin üzərindəki təzyiqi artırır, çünki insanlar sənin toyunda iştirak etmək üçün vaxt və pul sərf edirlər, ona görə də toyunun onların gözləntilərini cavabladığından əmin olmaq istəyirlər. Bundan əlavə insanların çoxlu düşüncələri olur. Bu səbəblə də gözləntilər olmadan plan qurmaq çətindir,” o bildirir.

COVID-19 məhdudiyyətləri bir çox cütlüyü toy mərasimlərini miqyasını kiçiltməyə vadar edib, amma Cellison pandemiya bitəndən sonra daha sadə mərasimlərin trendə çevriləcəyini gözləmir. O düşünür ki, insanların imkanı olsa daha böyük mərasimlər keçirəcəklər.

“Tarix bizə örnək olursa, toy mərasimləri pandemiyadan sonra yenidən təmtəraqlı və hətta daha böyük olacaqlar. İkinci Dünya Müharibəsindən sonra bu belə oldu,” Cellison Amerikanın Səsinə müsahibəsindən sonra yazdığı email-də bildirib. “Həmin illərdə böyük böhran, daha sonra isə müharibədən sonra insanlar bayram edib, pul xərcləmək həvəsində idilər. Mən pandemiyadan sonra da bunun baş verəcəyini düşünürəm. İnsanlar bir-iki il boyunca təmtəraqlı mərasimlərə pul xərcləmədikləri üçün, o toplanmış enerji və pul nəyəsə xərclənməlidir.”

XS
SM
MD
LG