Accessibility links

ABŞ-da COVID-19-a yoluxma hallarının sayı 6 milyona çatır


Kaliforniya ştatının Los Anceles şəhərində koronavirusa test mərkəzi
Kaliforniya ştatının Los Anceles şəhərində koronavirusa test mərkəzi

ABŞ-da koronavirusa təsdiq edilən yoluxma hallarının sayı 6 milyona çatır. Reuters xəbər agentliyinə əsasən, Orta Qərb ştatlarının bir çoxunda yoluxma hallarının sayının artdığı barədə məlumat verilib.

Ayova, Şimali Dakota, Cənubi Dakota və Minnesota ştatları bu yaxınlarda gündəlik yeni yoluxma hallarında rekord artım olduğunu bildirib. Montana və Aydaho ştatları isə COVID-19-a yoluxan rekord sayda xəstənin xəstəxanalara yerləşdirildiyi haqda məlumat verib.

Ölkə səviyyəsində xəstəliyə yoluxma, ölüm halları, xəstəxanalara qəbul edilənlərin sayı və müsbət test nəticələrinin say nisbəti azalır, lakin bununla belə Orta Qərb ştatlarında yeni epidemiya ocaqları meydana çıxır.

Ayova ştatında yeni halların çoxu dəsrlərin adi qaydada keçirildiyi Ayova Universiteti və Ayova ştatı Universitetinin yerləşdiyi əyalətlərdə müşahidə edilir. Tələbələrin kampuslara qayıtmasından sonra bütün ölkə üzrə kollec və universitetlərdə xəstəliyə yoluxma halları qeyd edilir. Bunun nəticəsində bəzi universitetlər distant təhsilə keçmək məcburiyyətində qalıb.

Yoluxma hallarının artması həmçinin Cənubi Dakota ştatının Sturgis şəhərində avqustun 7-dən 16-dək velosipedçilərin hər il keçirilən illik yürüşündən sonra müşahidə edilib. Cənubi Dakota ştatının səhiyyə idarəsi 88 yoluxma halının tədbirlə əlaqədar olduğunu bildirib.

Ölkədə pandemiyanın başlanmasından səkkiz ay sonra ABŞ-da hələ də testlərlə bağlı çətinliklər qalır. Son həftələrdə test keçən insanların sayı azalıb.

Səhiyyə orqanlarının çoxu və azı 33 ştat Trump administrasiyasının COVID-19 testləri ilə bağlı yeni təlimatlarını qəbul etməyib. Yeni təlimatlara əsasən, xəstəliyin simptomları olmayıb, yoluxmuş insanla təmasda olan şəxslər test olunmaya bilər.

Səhiyyə rəsmiləri xəstəliyin yayılmasınının qarşısını almaq üçün virusun asimptomatik daşıyıcılarının aşkar edilməsi məqsədilə ABŞ-da testlərin daha tez-tez keçirilməli olduğunu bildirir.

Birləşmiş Ştatlar xəstəliyə yoluxanların və COVID-19 nəticəsində ölənlərin sayına görə dünyada birinci yerdədir. ABŞ-da koronavirus nəticəsində ölənlərin sayı 182000-dən çoxdur. Lakin adambaşına ölüm hallarının nisbətinə görə ABŞ dünya ölkələri arasında 11-ci yeri tutur. İsveç, Braziliya, İtaliya, Çili, İspaniya, Böyük Britaniya, Belçika və Peru adambaşına ölüm hallarının ən yüksək olduğu ölkələrdir.

XS
SM
MD
LG