Accessibility links

ABŞ-da daha çox nümayişlər gözlənilir


Minlətlə insanın Vaşinqtonda böyük etiraz keçirəcəyi gözlənilir. Bu etiraz günlərdir ABŞ-ın bir çox şəhərində afrikalı amerikalı kişinin polis tərəfindən öldürülməsindən sonra keçirilən etirazların davamıdır.

ABŞ paytaxtının yerli polisi şənbə günü keçiriləcək aksiyada öncəki nümayişlərdən daha böyük izdihamın iştirak edəcəyini gözlədiklərini bildirib.

ABŞ-ın Minneapolis şəhəri 46 yaşlı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra polisin boğmaq metodundan istifadəsini qadağan etməyə razılaşıb.

Minneapolis liderləri boğmaq metodunu qadağan etməyə və polis zabitlərinin başqa zabit icazəsiz gücdən istifadə etdiyi zaman müdaxilə etməsini və lazımı orqanlara şikayət etməsini tələb etməyə razılaşıb.

Minneapolis Şəhər Şurası bu razılığı Minnesotanın İnsan Haqları Departamenti Floydun ölümü ilə əlaqədar vətəndaş haqları istintaqı başladandan sonra təsdiq edib.

Floyd mayın 25-də polis zabitinin dizini səkkiz dəqiqədən çox onun boynunda saxlaması nəticəsində həyatını itirib.

Floyd ağ polis tərəfindən öldürülən çox sayda qara amerikalılardan biridir.

Son iki həftədir ölkə boyu keçirilən nümayişlərdə etirazçılar ədalətə və sistemik islahatlara çağırır. Bundan əlavə London, Paris, Sidney də daxil olmaqla dünyanın bir çox böyük şəhərində də nümayişlər keçirilib.

Birləşmiş Ştatlarda cümə günü etirazların 11 günündə nümayişlər daha dinc keçib. Bundan öncəki günlərdə isə talan və vandalizm halları baş verib.

Pentaqon cümə günü Vaşinqtonda gətirilən qoşunların öz bazalarına geri dönmələrinə göstəriş verdiyini bildirib.

Lakin təkcə yaxınlıqdakı Virciniya ştatının Arlinqton şəhərindəki bazada yerləşən “Köhnə Qvardiya” adlanan bir qrup qoşun hazır vəziyyətdə gözləyəcək.

Vaşinqtonun meri Muriel Bovser Ağ Evə aparan yolu rəsmi olaraq“Black Lives Matter Plaza”-ya dəyişib. Bundan əlavə səkidə böyük hərflərlə “Black Lives Matter” (Qaraların Həyatı Mühümdür) şüarını yazıblar.

XS
SM
MD
LG