Accessibility links

ABŞ-da federal karantin qaydaları yüngülləşdirilir


Tramp administrasiyası koronavirus səbəbilə cümə axşamınadək tətbiq olunan federal sosial məsafə qaydalarını uzatmağı planlaşdırmır. Bunun əvəzinə onlar ölkəni yenidən açmaq məqsədilə ştatlarla əməkdaşlıq edir. Ştat qubernatorları qeyri-mühüm bizneslər və qrup şəklində toplantılara tətbiq olunan qadağaları, habelə evdə qalmağa dair çağırışları nə zaman yüngülləşdirəcəkləri barədə qərarlar verir.

Tramp çərşənbə günü bildirib ki, martın ortalarında tətbiq olunan federal qadağalar yavaş-yavaş qaldırılacaq, onun administrasiyası isə qubernatorlarla onların planlarını müzakirə edəcək.

Səhiyyə rəsmiləri Trampın istədiyi “normal vəziyyətə” sürətli şəkildə dönməklə bağlı xəbərdarlıq edib və bunin yeni yoluxma hallarına gətirib çıxara biləcəyini deyib.

Bir çox ştat artıq daha çox biznesə restoran masaları arasında əlavə məsafənin qoyulması kimi sosial məsafə qaydalarına əməl edərək fəaliyyət göstərməyə icazə verməyə başlayır. Digərləri isə karantin rejimini növbəti həftələrdə yüngülləşdirəcəklərini elan edib.

Kaliforniya qubernatoru Qavin Nyusom ştatda çimərlik və parkların cümə günü bağlanmasına göstəriş verəcək, çünki ötən həftəsonu on minlərlə insan evdə qalmaqla bağlı göstərişləri pozmuşdu.

Nyusom deyib ki, o, ştat boyu tətbiq olunan məhdudiyyətləri yoluxma halları iki həftə boyunca azaldığı və genişmiqyaslı test imkanları mövcud olduğu zaman yüngülləşdirəcək ki, rəsmilər virusa yoluxanları tez izolyasiya edib, onlarla əlaqədə olan insanları test edə bilsin.

Los Ancelesin meri Erik Qarsetti çərşənbə günü şəhərdə artıq hər kəsin test oluna biləcəyini deyib.

Bundan əalvə bir çox başqa ölkədə də karantin rejimlərinin yüngülləşdirilməsi ilə bağlı müzakirələr aparılır. Yaponiyada baş nazir Şinzo Abe cümə axşamı deyib ki, onun höküməti gələn həftəyədək tətbiq olunan fövqəladə vəziyyəti uzadıb-uzatmamağı eksertlərlə müzakirə edir.

Yaponiyada 14 min yoluxma halı qeydə alınıb və Abe vəziyyətin “kəskin” olaraq qaldığını deyib.

Finlandiya isə məktəbləri açmaq planlarını açıqlayan ən son Avropa ölkəsidir.

Şagirdlər mayın 14-dən etibarən məktəblərə geri dönəcək, lakin artıq yeni qaydalar tətbiq olunacaq ki, buna bir sinif otağında daha az şagirdin olması və dəhliz və yeməkxanalarda qrupların toplaşmaması daxildir.

Dünyanın bir çox yerində koronavirus epidemiyasının ən pis hissəsi başa çatsa da, bəzi ölkələrdə epidemiyanın ən pis effektləri yeni başlayır və bu ölkərin çoxu münaqişə vəziyyətindədir.

BMT-nin humanitar məsələlər üzrə idarəsinin başçısı Mark Loukok Təhlükəsizlik Şurasına bildirib ki, Suriyada 44 yoluxma və 4 ölüm halı qeydə alınıb. O deyib ki, bu ölkənin “hətta zəngin ölkələri belə çətin vəziyyətə salan böhranın öhdəsindən gələcəyini” gözləmək mümkün deyil.

Yəməndə səhiyyə rəsmiləri ilk iki ölüm halını təsdiqləyib, beş ildir davam edən müharibənin diqqət mərkəzində olan cənubi liman şəhəri Ədəndə isə bir sıra yeni yoluxma halları baş verib.

Cons Hopkins Universitetinin cümə axşamına olan məlumatına görə, dünya boyu COVID-19-a yoluxanların sayı 3.2 milyonu, ölənlərin sayı isə 227 mini keçib.

XS
SM
MD
LG