Accessibility links

ABŞ-da koronavirusa gündəlik yeni yoluxmalarda növbəti rekord - 77 min


Reuters xəbər agentliyinin verdiyi məlumata görə, Birləşmiş Ştatlarda cümə axşamı koronavirusa gündəlik qeydə alınmış yeni yolxuma hallarında növbəti rekord qeydə alınıb. Belə ki, 24 saat ərzində ölkə üzrə koronavirusa 77 000-dən çox yeni insan yoluxub. Gündəlik ölüm sayı isə 1 000-ə yaxınlaşıb.

Ötən gün qeydə alınmış 969 ölüm halı iyunun 10-dan bəri qeydə alınmış ən yüksək rəqəmdir. Florida, Cənubi Karolina və Texas gündəlik ölümlərdə nəzərə çarpacaq artışların olduğu barədə xəbər verir.

İndiyədək COVID-19 səbəbilə 138 mindən çox insan həyatını itirib. Mütəxəssislər isə bir çox ştatda yoluxmaların və xəstəxanaya yerləşidirlən insanların sayının sürətlə artması nəticəsində ölənlərin sayının da artma ehtimalından narahatdır.

Virusun ən çox yayıldığı Texas və Arizona ştatları cəsədlərin saxlanılması üçün morqlarda yerlərin çatışmadığını, xəstəxanalara yeni soyuducular və soyuducu yük maşınlarının gətirildiyini xəbər verir.

ABŞ-da gündəlik ölüm halları aprel ayında ən yüksək həddə çatmışdı. Belə ki, o dönəmdə ölkədə gündə orta hesabla 2 000 nəfər həyatını itirdi. Reuters agentliyinin verdiyi məlumata görə, ölüm halları may ayında 1300-ə, iyunda isə 800-ə qədər azalmışdı, lakin iyul ayında yenidən artmağa başladı.

Amerikalılar arasında məktəblərin və müəssisələrin yenidən açılması və üz maskaları kimi mövzularda getdikcə daha çox fikir ayrılığı yaşanır ki, bu da virusa qarşı mübarizəyə maneə törədir.

Cümə axşamı qeydə alınan 77 217 yeni yoluxma halı, ötən cümə günü qeydə alınan rekordu keçib. Keçən həftənin cümə günü bir gün ərzində koronavirusa 69,070 insan yoluxmuşdu. Digər tərəfdən isə iyun ayında gündəlik qeydə alınmış yoluxma halı orta hesabla 28 000 idisə, iyulda bu rəqəm 57 625-ə yüksəlib.

ABŞ-da ştatlar üzrə yoluxma statistikaları isə belədir: Texasda 15 000-dən çox yoluxma qeydə alınıb, Floridada təxminən 14 000, Kaliforniyada isə təqribən 10 000.

Hökümətin yoluxucu xəstəliklər üzrə aparıcı mütəxəssisi doktor Antoni Fauçi xəbərdarlıq edir ki, əgər amerikalılar virusun yayılmasını dayandırmaq üçün bir araya gəlməsələr vəziyyətin yoluxma halları gündə 100 000-ə çata bilər.

XS
SM
MD
LG