ABŞ-da yeni koronavirusa yoluxma halları 18 gündə iki dəfə artaraq dünyada bütün infeksiyaların üçdə birini təşkil etməklə 1 milyonu keçib.
Məlumata görə, 56500-dən çox amerikalı COVID-19-dan dünyasını dəyişib. Bu, gündə ortalama 2000 nəfər deməkdir.
Dövlət səhiyyə işçilərinin, təlim keçmiş işçilərin və məhdud sayda testlərin olmasını nəzərə alsaq, yoluxmaların daha çox olduğu təxmin edilir.
Yoluxmaların təqribən 30%-i ABŞ-da epidemiyanın episentri hesab olunan Nyu York ştatına aiddir. Bunun ardınca Nyu-Cersi, Massaçusets, Kaliforniya və Pensilvaniya ştatları gəlir.
Ağ Ev rəsmiləri tərəfindən tez-tez sitat gətirilən Vaşinqton Universitetinin proqnozlaşdırılan modelinə görə, avqustun 4-dək 74000-dən çox amerikalının ölə biləcəyi bildirilir.
Çində ötən ilin sonlarında yayılmağa başlayandan bəri dünyada koronavirusa yoluxma halları 3 milyonu keçib. Dünyanın üçüncü ən böyük əhalisi olan Amerika Birləşmiş Ştatlarında yoluxanların sayı ən ağır vəziyyətdə olan ölkələrdən - İtaliya, İspaniya və Fransadan beş dəfə çoxdur.
Reuters agentliyinin məlumatına əsasən, koronavirusun təsirinə ən çox məruz qalan 20 ölkə arasında adambaşına düşən vəziyyətə görə ABŞ beşinci yeri tutur. Birləşmiş Ştatlarda hər 10000 nəfərə təxminən 30 yoluxma halı düşür. İlk sırada olan İspaniyada bu rəqəm 48-dir. Onun ardınca Belçika, İsveçrə və İtaliya gəlir.
Dünyada ən yüksək ölüm göstəricisi olan ABŞ-da 1950-53-cü illərdə Koreya müharibəsində daha az amerikalı həyatını itirmişdi - 36.516. 1975-ci ildə başa çatan Vyetnam müharibəsi zamanı öldürülmüş amerikalıların sayı koronavirusdan ölənlərdən bir qədər çoxdur. O zaman 58220 amerikalı həlak olmuşdu.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinə (CDC) görə, 2017-2018 mövsümü istisna olmaqla, koronavirus ABŞ-da son illərdə mövsümi qripdən daha çox insanın ölümünə səbəb olub.
Qripdən ən az ölənlər 2011-2012 mövsümündə qeydə alınıb - 12000, 2017-2018 illərdə isə bu rəqəm 61.000 olmaqla ən yüksək göstəricidir.
CDC-yə görə ABŞ-da koronavirus səbəbi ilə qeydə alınan ölüm sayı 1918-ci ildə başlayan və 675000 amerikalıın ölümünə səbəb olan İspan qripindən xeyli aşağıdır.
Virusun yayılmasının qarşısını almaq üçün misli görünməmiş təcrid qaydaları iqtisadiyyatın durumunu çətinləşdirib və son beş həftə ərzində işsizlik müavinətini istəyən amerikalıların sayı 26,5 milyona çatıb.