Accessibility links

ABŞ-da rekord sayda uçuş təxirə salınıb


Birləşmiş Ştatlarda 2021-ci ilin son günləri çox sayda uçuşun ləğv edilməsi Yeni ilin ilk həftə sonu minlərlə sərnişin üçün narahatlıqlar yaradıb.

Avia şirkətlər uçuşların təxirə salınmasının əsas səbəblərini COVID-19-a yoluxmalar və pis hava şəraiti ilə izah edib. Şənbə günü ABŞ-da 2700-dən çox uçuş ləğv edilib. Dünya üzrə 4400-dən çox uçuşun ləğv edildiyi bildirilir. Aviaşirkətlər koronavirusa yoluxan ekipajın karantinə alınması səbəbindən işçi çatışmazlığı problemi ilə üzləşir.

Lakin təkcə epidemiya deyil, həm də Amerikanın orta qərb bölgələrində qarlı hava şəraiti də uçuşların təxirə salınmasına səbəb olub.

Milad bayramından sonra səfər edənlərin sayı nəzərə alınaraq, bazar günü daha çox reyslərin ləğv oluna biləcəyi qeyd edilir.

Dekabrın 24-dən ABŞ-da 12 mindən çox reys təxirə salınıb. Dekabrın 16-dan başlayaraq ilin son günlərinə qədər ABŞ-ın hava limanlarında orta hesabla gündə 2 milyondan çox sərnişin nəzarət-buraxılış məntəqələrini keçib. Bu, noyabr ayından bəri gündə təxminən 100 000 nəfər daha çox, keçən ilin dekabr ayı ilə müqayisədə isə təxminən iki dəfə artıqdır.

Aviaşirkətlər əlavə ödənişlər ödəməklə problemi aradan qaldırmağa çalışsa da, həmkarlar ittifaqları işçilər arasında koronavirusa yoluxma halları ilə bağlı narahatlıqlarını bildirir.

Cons Hopkins Universitetinin koronavirus mərkəzinin verdiyi məlumata görə, delta variantı ilə yanaşı yeni omikron variantı ABŞ-da COVID-19-a gündəlik yeni yoluxma hallarının sayının kəskin artmasına səbəb olub.

XS
SM
MD
LG