Koronavirus pandemiyasının yaratdığı iqtisadi böhran və qaradərili şəxsin polis tərəfindən saxlanılaraq öldürülməsindən sonra ölkə boyu yaşanan etirazlar fonunda səkkiz ştat və Vaşinqton şəhərində seçicilər çərşənbə axşamı ABŞ Nümayəndələr Palatası və Senata namizədlərə səs veriblər.
Ən vacib səsvermələrdən biri Ayova ştatında baş verib. Orada mühafizəkar nümayəndə Stiv Kinq ştat senatoru Randi Finsta məğlub olub. Kinq Konqresə seçkiləri ilk dəfə 2003-ci ildə qazanıb və o, abort əleyhinə və irqçi, xüsusilə də sənədsiz immiqrantlarla bağlı mənfi şərhləri ilə məşhurlaşıb. Lakin Kinq ağ supremasistləri müdafiə etdiyinə görə Respublikaçı liderlər 2019-cu ilin yanvar ayında onun Nümayəndələr Palatası komitəsindəki səlahiyyətlərini əlindən almışdılar.
Səsvermədə məğlub olan digər bir tanınmış şəxs Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) keçmiş agenti Valeri Pleym olub. Pleymin həyat yoldaşı səfir Co Vilson Buş administrasiyasının İraqa müdaxiləsi ilə bağlı ictimai şəkildə şübhələrini dilə gətirəndən sonra Pleymin kimliyi o zamankı vitse-prezident Dik Çeyniyə onun yüksək vəzifəli müşaviri tərəfindən açıqlanmışdı.
Pleym Nyu Meksikoda Nümayəndələr Palatasına Demokratlar Partiyasının namizədləyi uğrunda səsvermədə məğlub olub. Ona vətəndaş hüquqları üzrə vəkil Teresa Leger Fernandez qalib gəlib.
Bu arada, bütün ölkənin diqqəti Missuri ştatının Ferquson şəhərinə yönəlib. Belə ki, orada seçicilər Ella Consu şəhərin ilk afro-amerikalı və qadın meri seçib.
Ferquson 2014-cü ildə yeniyetmə Maykl Braunun polislə qarşıdurma zamanı öldürülməsindən sonra qaraların polis tərəfindən pis rəftara məruz qalması və irqlərarası münasibətlər müzakirələrin diqqət mərkəzinə çevriib.
Consun qələbəsi Corc Floydun ölümündən sonra etirazların baş verdiyi zamana təsadüf edib. Corc Floyd Minneapolisdə ağ polislər tərəfindən saxlanılandan sonra bir polis zabitinin dizini onun boğazına qoyması nəticəsində həyatını itirib. Həmin anlar telefon kameralarına çəkilib və internetdə yayılıb.
Sabiq vitse-prezident Co Bayden də çərşənbə axşamı bir neçə ştatda keçirilən praymerizlərdə qalib gələndən sonra Demokrat Partiyasından prezidentliyə namizədliyi əldə etməyə daha bir addım yaxınlaşıb. Baydenin fevral ayında Cənubi Karolina ştatında keçirilən praymerizdə qalib gələbəsindən sonra namizədləyini əldə edəcəyi gözlənilir.