Birləşmiş Ştatlarda Şükran günü tətilindən sonra koronavirusun səbəb olduğu COVID-19 xəstəliyinin daha da çox yayıla biləcəyi barədə xəbərdarlıq edilir.
Bir çox amerikalı keçən həftə Şükran gününü qeyd etdikdən sonra bu həftə işə qayıdır. Çoxları tətildə evdə qalmaq kimi seçim edərkən, başqaları səyahətə çıxıb, ailələri və dostları ilə bir araya gəlib. Səhiyyə işçiləri və rəsmilər bunun koronavirusun daha geniş yayılmasına səbəb ola biləcəyindən narahatdır. Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru, doktor Antoni Fauçi ABŞ-da noyabr ayında oktyabr ayında olduğundan iki dəfə artıq - 4 milyondan çox yoluxma halının qeydə alınması ilə artıq mövcud yoluxma dalğası üzərində daha bir artım dalğasının ola biləcəyini bildirib.
“İnsanları qorxutmaq istəmirik, amma bu, həqiqətdir. Bunların soyuqlar düşəndə və səyahətə başladığımız zaman baş verəcəyini demişdik. Və bu, belə də oldu. Yenə də belə olacaq”, Fauçi bildirib.
Yoluxma hallarının artması səbəbi ilə sıxlığına görə ölkədə ən çox əhalisi olan Los Anceles dairəsində bu həftədən başlayaraq üç həftəlik evdə qalma qadağası da daxil olmaqla, yeni məhdudiyyətlər tətbiq edilir. Milli Futbol Liqası isə mövsümün sonunda komandaların idman obyektlərini matçlar üçün bağlaması haqda qərar verib.
Lakin Nyu-York şəhərinin meri Bill de Blasio əvvəlki qərarını ləğv edərək, ibtidai məktəblərin açılacağını elan edib. Rəsmilər ABŞ-da məktəblər bağlandığı halda qapalı yerlərdə yemək və barların açıq saxlanmasına icazə verildiyi üçün tənqidlərlə qarşılaşıb. Tibbi ekspertlər kiçik uşaqların virusu böyüklər kimi ötürmədiyini qeyd edir.
“Gəlin uşaqları geri qaytarmağa çalışaq, amma problem olaraq qalan və icmalarda yol vermək istəmədəyimiz yayılma hallarını azaltmağa çalışaq. Və bunların nə olduğunu yaxşı bilirsiniz - qapalı yerlərdə maskasız otura bildiyiniz barlar və restoranlar; icmada yoluxmaların yayılmasına səbəb olan şeylər bunlardır, məktəblər deyil”, Antoni Fauçi bildirib.
Yaxın gələcəkdə peyvəndin olacağı ümidi ilə Fauçi və digər ictimai səhiyyə işçiləri ictimaiyyəti maska taxmaq, izdihamlardan qaçmaq və başqalarından fiziki məsafə saxlamaq kimi təhlükəsizlik prosedurlarını davam etdirməyə çağırır. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri tərəfindən seçilən ABŞ məsləhətçiləri hökumətdən təsdiq alındıqdan sonra ilkin peyvənd ehtiyatının necə ayrılacağı haqda qərar vermək üçün bu həftə bir araya gəlir.