Accessibility links

ABŞ-dakı meşə yanğınları tarixi şəhəri məhv edib


ABŞ-ın Kaliforniya ştatında üç həftədən çoxdur ki, davam edən meşə yanğınları ştatdakı kiçik tarixi şəhəri məhv edib. Şəhərin əksər küçələri və evləri artıq külə dönüb. Yanğınsöndürənlərin durmadan mübarizə apardığı bir vaxt cümə axşamı güclü küləklər yeni yanğınlara səbəb olub.

Qurumuş bitki örtüyü və saatda 64 km sürətlə əsən külək səbəbi ilə tüğyan edən yanğınlar çərşənbə günü gecə Qrinvill şəhərini ağuşuna alıb.

Yanğınlar bir əsrdən çox yaşı olan və Qızıl Hərisliyi dövründən qalan şəhərdəki yanacaqdoldurma məntəqəsi, kilisə, otel, muzey, bar və bir çox tikilini məhv edib.

Yanğın "şəhər mərkəzini tamamı ilə məhv edib. Bizim tarixi binalar, ailə evləri, kiçik bizneslər və uşaqların məktəbləri tamamilə məhv oldu" - deyə, Pulmas mahalının rəhbəri Kevin Qoss Facebookda yazıb.

Ərazini təmsil edən ABŞ Senatının nümayəndəsi Doq LaMalfa Facebookda yayılan hüzünlü videoda "Bu gecə biz Qrinvili itirdik" deyə bildirib.

Pulmas mahalının polis rəisi 800 sakininə artıq çərşənbə günü şəhəri tərk etmək əmrini vermişdi.

İyulun 21-də başlayan yanğınlar ştatda indiyə qədər baş vermiş ən böyük yanğındır. Yanğın təxminən Los Anceles şəhəri boyda bir ərazini - 1.305 kvadrat kilometrlik bölgəni əhatə edir. Yanğının səbəbləri araşdırılır. Lakin Kaliforniyanın əsas qaz və elektrik paylayıcısı olan Pacific Gas & Electric yanğının ağacların elektrik naqillərinin üzərinə düşməsi nəticəsində başladığını ehtimal edir.

İqlim dəyişikliyi səbəbindən isti hava dalğası və tarixi quraqlıq ABŞ-ın qərbindəki yanğınlarla mübarizəni çətinləşdirir.

Alimlər iqlim dəyişikliyinin bölgədə son 30 ildə daha çox quraqlıq və havaların isti keçməsinə səbəb olduğunu bildirir. Havanın qarşıdakı illərdə daha da istiləşəcəyi, nəticədə daha çox meşə yanğınlarının baş verəcəyi bildirilir.

Milli İdarələrarası Yanğın Mərkəzindən verilən məlumata görə, 20 mindən çox yanğınsöndürən alovlarla mübarizə aparır. Hazırda 13 ştatdakı yanğınlar ümumi olaraq 7560 kvadrat kilometr ərazini əhatə edir.

XS
SM
MD
LG