Accessibility links

ABŞ-dakı uyğurlar Çinin saxlanmış ailə üzvlərindən zorla ifadə aldığını deyir


Birləşmiş Ştatlardakı uyğur icmasının üzvləri Çin hökumətinin kütləvi informasiya vasitələrində onların Sincanda saxlanmış ailə üzvlərinin göstərildiyi ayrı-ayrı bir sıra videolarla bağlı şübhələrini ifadə ediblər.

Onlar deyir ki, onların bir neçə ildir yoxa çıxmış ailə üzvləri indi Çinin sosial media platformalarından onlara müraciət edərək Sincan regionunda təqiblər əleyhinə danışmaqdan çəkindirməyə çalışırlar.

Mən atamın dövlət tərəfindən izlənilmədən tamamilə azad olmasını istəyirəm. Mən onunla normal söhbət etmək istəyirəm.

ABŞ-da yaşayan Samira İmin Amerikanın Səsinə bildirib ki, bu ayın əvvəli gündəlik China Daily qəzetinin Twitter səhifəsində onun iki il əvvəl Çində saxlanma düşərgəsində itkin düşmüş atası İmincan Seydinin videosu nümayiş etdirilib. Atası İminə həmçinin WeChat sosial media platformasından müraciət edərək saxlandığını inkar edib və qızına “anti-Çin qüvvələr tərəfindən aldadıldığını” deyib.

“Təxminən üç ildən sonra WeChat-da ilk söhbətimizdə o məndən əvvəlki paylaşımları silməyimi və Twitter kimi sosial media səhifələrində heç bir paylaşım etməməyimi tələb edirdi,” Bostonda yaşayan 26 yaşlı tibb işçisi olan İmin Amerikanın Səsinə bildirib.

O, əmin olduğunu bildirib ki, atası Çin rəsmiləri tərəfindən ondan uyğurların müdafiəsi ilə bağlı fəaliyyətlərini dayandırmağı istəməyə məcbur edilib.

“Çin hökumətinin atam vasitəsilə mənim fəaliyyətlərim və fikirlərimə nəzarət etmək cəhdi qəbulolunmazdır. Mən atamın dövlət tərəfindən izlənilmədən tamamilə azad olmasını istəyirəm. Mən onunla normal söhbət etmək istəyirəm,” o əlavə edib.

Ekstremizmə təhrik etmək

2017-ci ilin ortalarında həbsindən öncə Seydin Urumçidə Sincan İslam İnstitutunda Çin tarixi professoru kimi çalışırdı. O eyni zamanda, İmin Nəşriyyat Evinin sahibi idi. 2012-ci ildə yaradıldığı vaxtdan nəşriyyat tərəfindən dil, təhsil, texnologiya və psixologiya mövzularında 50-dən çox kitab nəşr edilmişdi.

Mən təxminən iki il onun sağ olub-olmadığını bilmirdim. Birdən-birə o, Çinin dövlət televiziyasında çıxıb məni qınayır və məndən fəaliyyətimi dayandırmağımı tələb edir, ya da mənimlə əlaqəni kəsəcəyini deyir.
Kuzzat Altay, Uyğur Amerika Assosiasiyasının rəhbəri

İminin bildirdiyinə görə, 2019-cu ildə Pekindəki tanışlarının onun “təhsil düşərgələri” adlandırılan düşərgəyə salındığını deməsinə qədər onun atasından xəbəri yox idi. Seydinin gizli məhkəmə tərəfindən “ekstremizmə təhrik” ittihamı ilə 15 illik həbs cəzasına məhkum edildiyi deyilirdi.

O vaxtdan İmin sosial mediada uyğurların ağır vəziyyəti haqda məlumatlandırma kampaniyasına başlayıb. O, atasının Ərəb dilinin qrammatikası kitabını nəşr etdiyinə görə həbs olunduğunu deyərək, onun azad edilməsini tələb edir.

İmin ailə üzvlərini illərlə itkin düşdükdən sonra Çin mediasında görən xaricdə yaşayan yeganə uyğur deyil.

36 yaşlı Kuzzat Altay atası Memet Kadiri Çinin dövlət mediası olan Global Times-da yanvar ayında yayımlanmış videoda görüb. Onun 68 yaşlı atası iki ilə yaxındır itkin düşmüşdü.

“Mən təxminən iki il onun sağ olub-olmadığını bilmirdim. Birdən-birə o, Çinin dövlət televiziyasında çıxıb məni qınayır və məndən fəaliyyətimi dayandırmağımı tələb edir, ya da mənimlə əlaqəni kəsəcəyini deyir”, Altay bildirib. O, atasının yarı iflic vəziyyətində olduğu kimi göründüyünü və bu ifadələrin ondan alındığını əlavə edib.

Gənc uyğur fəal Sincanı 2005-ci ildə tərk edib və hazırda Virciniya ştatında Uyğur Amerika Assosiasiyasına rəhbərlik edir. O, fəaliyyətə 2018-ci illin fevral ayında atasından Çin polisi tərəfindən Urumçidəki saxlanma düşərgəsinə aparıldığı haqda səsli mesaj alandan sonra başlayıb.

“Atamın bacarıqlara yiyələnməsinə ehtiyacı yox idi”

“Mənim atam sağlam iş adamı idi və onun Çinin iddia etdiyi kimi düşərgələrdə iş tapmaq üçün vərdişlərə yiyələnməsinə ehtiyacı yox idi. O, iş yarada bilirdi, onun işə ehtiyacı yox idi. Amma onlar onu apardılar”, Altay Amerikanın Səsinə deyib.

O, atasının Çin mediasına çıxmağa məcbur edildiyinə əmin olaraq deyib: “Mən Çindən atamın ABŞ-a gəlməsinə və Global Times videosunda olduğu kimi ifadə verməsinə imkan verməsini istəyirəm.”

Bu, fəalları susdurmaq üçün zorla ifadə almaq və ailə üzvlərini məcbur etmək kimi Çin tərəfindən istifadə edilən böyük bir modelin bir hissəsidir.
Fransisko Benkosme, Amnesty International

Hüquq müdafiə təşkilatları Çinin 2016-cı ildən ölkənin şimal-qərbindəki Sincan regionunda kütləvi izləmə və uyğurlar və digər müsəlman azlıqların həbsinə başladığını bildirir. BMT bu ilin əvvəli milyonlarla insanın saxlandığı regiona “maneəsiz giriş” imkanının verilməsini tələb edib.

Lakin Çin hökuməti ittihamları rədd edərək, Sincanda “təhsil vasitəsilə transformasiya mərkəzləri”nin fəaliyyət göstərdiyini bildirir. Çin rəsmləri düşərgələri “ekstremizm və terrorizm ideyalarına” məruz qalan insanlar üçün “professional təlim” yerləri adlandırır. Başqa hallarda rəsmilər düşərgələrdə insanların yeni iş tapa bilməsi üçün lazım olan bacarıqları öyrəndiyini bildirir.

Amnesty International təşkilatının Asiya Sakit okean bölgəsi üzrə direktoru Fransisko Benkosme Amerikanın Səsinə bildirib ki, Sincandan artan sayda gələn bu videolar Pekinin Sincandakı insanların hüquqlarının müdafiəsinə qalxmış xaricdə yaşayan uyğurlara qarşı “təqib” cəhdinə son nümunədir. O, təşkilatın “qorxu və narahatlıq doğuran” belə halları sənədləşdirdiyini deyib.

“Bu, fəalları susdurmaq üçün zorla ifadə almaq və ailə üzvlərini məcbur etmək kimi Çin tərəfindən istifadə edilən böyük bir modelin bir hissəsidir” -deyə, o bildirib.

Online təqib kampaniyası

Uyğur İnsan Hüquqları Layihəsinin qlobal müdafiə üzrə direktoru Luisa Qrev xaricdəki uyğurları susdurmaq cəhdlərinin fəallara təsir göstərdiyini bildirib. Onun dedyinə görə, onlar “bu total təqibin ikinci dərəcəli qurbanlarıdır” və çoxları travmalara məruz qalır.

“Onlar açıq danışmaqla Çindəki ailələrinə daha çox əziyyət verib-verməyəcəklərinə dair həmişə qorxu və günah kimi bir dilemma qarşısındadır. Bu, alçaqlıqdır” – deyə o bildirib.

Hələ də içimdə bir qorxu var ki, orada kimisə təhlükə altında qoya bilərəm. Amma mən də danışmasam, anam üçün kim danışacaq...Onlar anamı azad etməyənə qədər mən daha da çox danışacam.
Ziba Murat

Uzun müddətdir səssiz qalan uyğurlardan biri də 2018-ci ildə anası ilə əlaqəni itirmiş Ziba Muratdır. Onun Amerikanın Səsinə dediyinə görə, o əvvəllər fikirləşirdi ki, anası üçün görə biləcəyi ən yaxşı iş susmaqdır. Sincandakı qohumları ona demişdilər ki, onun online fəallığı onların işinə mane ola bilər.

“Artıq səssiz qalmaq dözülməz idi”, Florida ştatında Tampada yaşayan 34 yaşlı Ziba Murat deyib. Onun bildirdiyinə görə, ailəsi hələ anası haqda bir xəbər almayıb. Urumçidə dəri həkimi işlədikdən sonra təqaüdçü olan anası Gülşan Abbas 2018-ci ildə birdən-birə yoxa çıxıb.

“Hələ də içimdə bir qorxu var ki, orada kimisə təhlükə altında qoya bilərəm. Amma mən də danışmasam, anam üçün kim danışacaq...Onlar anamı azad etməyənə qədər mən daha da çox danışacam”, o, Amerikanın Səsinə bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG