Vaşinqtonda qərargahlanan araşdırma və müdafiə qrupu Freedom House-un yeni hesabatına əsasən, dünya əhalisinin təxminən 75 faizi, Birləşmiş Ştatlar daxil olmaqla, azadlığın azaldığı ölkələrdə yaşayır.
Hindistanlı fermerlərin etirazlarından tutmuş "Qaraların Həyatı Önəmlidir" (Black Lives Matter) hərəkatının tərəfdarları ilə hüquq-mühafizə orqanları arasında qarşıdurmaya kimi hadisələr dünyanın iki ən böyük demokratiyası olan Birləşmiş Ştatlar və Hindistanda demokratik siyasət və təsislərin zəiflədiyinə işarə edir. Bu isə dünya boyu müşahidə olunan qlobal bir trenddir.
“Pandemiya uzun zamandır davam edən bu demokratik geriləməni daha da kəskinləşdirib. Bir çox demokratik lider bundan hakimiyyətini gücləndirmək üçün bir fürsət kimi istifadə ediblər,” Freedom House-dan Emi Slipovitz bildirib.
Freedom House-un illik hesabatında 210 ölkə və ərazidə insanların siyasi hüquqlara və vətəndaş haqlarına çıxışları qiymətləndirilir.
2020-ci il siyahısında irəliləyişin olduğu ölkələrdən 45 daha çox ölkədə geriləmə baş verib ki, bu da 15 ildir müşahidə olunan bir trenddir.
Birləşmiş Ştatlar hələ də azad hesab olunur, amma ötən illə müqayisədə üç pillə geriləyib. Bu isə xüsusilə də Tramp administrasiyası altında şəffaflığın olmaması nəticəsində, kök salmış bir demokratiya üçün böyük bir geriləmədir.
“Bunun bir səbəbi baş müfəttişin işdən çıxarılması və hökumət liderlərini cavabdeh tutmaq üçün nəzərdə tutulan başqa təsislərə xələl gətirilməsidir. Amma bir digər səbəb də müəyyən mənada pandemiyadır. Pandemiyada şəffaflığa məhəl qoyulmadığı ortaya çıxdı. Federal hökumət və bəzi ştat hökumətləri saxta və yanlış məlumatları yaydılar. Onlar pandemiya ilə əlaqədar məlumatları gizlətdilər və ümumilikdə qarışıqlığa səbəb oldular, pandemiya ilə mübarizəni siyasiləşdirdilər.”
Dövlət katibi Entoni Blinken çərşənbə günü Tramp təfədarlarının ABŞ Kapitolisinə hücumuna diqqət çəkərək demokratik təsisləri gücləndirməyin vacibliyini vurğulayıb.
“Amerikalılar getdikcə qütbləşirlər və bizə demokratiyamızı davam etdirmək üçün fərqliliklərimizi idarə etməyə yardım etmək üçün mövcud olan təsislər yenə təzyiq altındadırlar. Demokratiyamızı dəstəkləmək xarici siyasət zərurətidir. Əks halda biz düşmənlərimizə və Rusiya və Çin kimi rəqiblərimizə yardım etmiş olacağıq.”
Freedom House-un bildirdiyinə görə, hazırda dünya əhalisinin 20 faizindən azı azad ölkədə yaşayır. Bu isə 1995-ci ildən bəri ən aşağı göstəricidir.
Hindistanda ötən ildən bu ilə ən böyük geriləmə baş verib. Hindistanın statusu millətçi hindu siyasət və müsəlman azlıqlara qarşı zorakılıqlar səbəbilə “Azad”-dan “Qismən Azad”-a düşüb.