Accessibility links

ABŞ diplomatları İsrailin İordan çayının qərb sahilidəki evi dağıtmasına etiraz edir


İsrail ordusu cümə axşamı bir fələstinli amerikalının evini dağıdıb. O, may ayında İsrail vətəndaşlarına qarşı təşkil olunmuş terror hücumunda günahlandırılır. Lakin ABŞ səfirliyi bu addımı “gərginliyi artıran birtərəfli hərəkət” adlandıraraq qınayıb.

İsrail əsgərləri çərşənbə axşamı gecə saatlarında İordan çayının qərb sahilidəki Turmus Ayya qəsəbəsində Muntasar Şalabinin evinin ətrafına partlayıcılar yerləşdirib və daha sonra partlayıcıları çərşənbə günü səhər işə salaraq evi dağıdıb.

Ərazidə yaşayan təxminən 200 fələstinli İsrailli əsgərlərə qarşı daşlar atıb, polis isə onlara qaz və səs bombası ilə cavab verib. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.

İsrail tərəfi israillilərə qarşı hücumda günahlandırıdığı şəxslərin evini dağıtsa da, bu dəfəki məsələ bir neçə səbəbdən fərqlidir. Muntasar Şalabi Turmus Ayyanın bir çox başqa sakinləri kimi Amerika vətəndaşıdır və ilin çox hissəsini ABŞ-da yaşayır.

Şalabinin ailəsi sökülmə ilə əlaqədar İsrail Ali Məhkəməsinə müraciət edərək, onun ilin çox hissəsini ABŞ-da keçirdiyini və yalnız hər yay ziyarət üçün İordan çayının qərb sahilinə gəldiyini bildirib. Lakin Ali Məhkəmə apellyasiya şikayətini rədd edib.

İsraildəlki insan haqları qrupu da Şalabinin psixi sağlamlıq problemlərindən əziyyət çəkdiyini və psixotrop dərmanlar qəbul etdiyini deyərək sökülmənin dayandırılması üçün müraciət etmişdi.

Dövlət ittihamçısı Şalabinin hələ də bu evin sahibi olduğunu və bu yaxınlarda təmir etdirdiyini iddia edib.

Bu arada Dünya Bankı çərşənbə axşamı bildirib ki, İsrailin Qəzza zolağına may ayında etdiyi hücumlar nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün Qəzzaya növbəti iki il ərzində 485 milyon dollar gərəklidir.

XS
SM
MD
LG