Accessibility links

ABŞ dronu Yəmən üzərində vurulub


ABŞ rəsmisinin Amerikanın Səsinə verdiyi məlumata görə, ABŞ-ın MQ-9 dronu çərşənbə axşamı gecə Yəmən üzərində Husi üsyançıları tərəfindən vurulub.

"Bu, husilərdir, lakin buna İran şərait yaradıb" deyən rəsmi şəxs Amerikanın Səsinə anonimliyi saxlamaq şərti ilə danışıb.

ABŞ Mərkəzi Komandanlığının komandiri general Kennet "Frank" MakKenzi İrana qarşı müdafiə səylərini koordinasiya etmək üçün hazırda bölgədədir.

Verilən məlumata görə, pilotsuz təyyarə ölkənin cənub-şərqində yer-hava raketi ilə vurulub.

Dronun vurulması ABŞ və İran arasındakı gərginliyin artması fonunda baş verir.

ABŞ Mərkəzi Komandanlığının komandiri general Kennet "Frank" MakKenzi, dəniz marşrutlarını İran hədələrindən qorumaq üçün koalisiya qurmaq amacı ilə bölgəyə gəlib.

Bəhreyn, Avstraliya, ABŞ və Böyük Britaniya, İran Körfəzdəki Britaniya bayrağı altında üzən və İsveçə məxsus olan 'Stena İmpero' neft tankerini ələ keçirdikdən sonra bölgənin əsas gəmi yollarında təhlükəsizliyi təmin etmək üçün "Beynəlxalq Dəniz Təhlükəsizliyi Koalisiyası"-nda birləşiblər.

'Stena İmpero' hələ də İranın nəzarətindədir.

ABŞ həmçinin, İranı iyun ayında Oman körfəzində tankerlərə hücum etməkdə və may ayında Birləşmiş Ərəb Əmirliklərinin sahillərindən dörd tankerə mina yerləşdirməkdə günahlandırıb. İran bütün ittihamları rədd edir.

İlk dəfə deyil ki, Yəməndə ABŞ dronu Husi üsyançıları tərəfindən vurulur. Rəsmilərin bildirdiyinə görə, ABŞ tərəfindən idarə olunan MQ-9 pilotsuz təyyarəsi, iyun ayında İranın dəstəklədiyi üsyançılar tərəfindən vurulub.

MQ-9 Reaper uzaqdan idarə olunan, dinamik hədəfləri vurmaq üçün istifadə olunan uzaq məsafəli drondur. Drondan həmçinin əlavə məlumat toplamaq üçün də istifadə edilə bilər.

ABŞ hərbçiləri Ərəbistan yarımadasında əl-Qaidəni və İslam Dövləti yaraqlılarının hədəf almaq üçün Yəmən üzərində dron vasitəsilə pilotsuz uçuşlar həyata keçirirlər.

2018-ci ildə Yəməndə ABŞ 36 hava zərbəsi endirib.

ABŞ-ın Yəmənin Marib valiliyinə yanvar ayında endirdiyi hava zərbəsi 2000-ci ildə 17 dənizçinin ölümü ilə nəticələnən USS Cole-un bombalanmasının əsas səbəbkarlarından biri olan Camal əl-Bədəvini hədəf alıb.

XS
SM
MD
LG