Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında aktiv hərbi əməliyyatların dayandırılmasını alqışlayıb və Dağlıq Qarabağda humanitar fövqəladə vəziyyətlə əlaqədar olaraq yeni yardımın ayrıldığını elan edib. Bu barədə ABŞ Dövlət katibi Mayk Pompeonun bəyanatında bildirilir. Bəyanatda ABŞ-ın son hərbi əməliyyatların başlamasından bəri zorakılığa son qoyulmasına çağırdığı və mülki əhali arasında ciddi itki ilə nəticələnən hərbi eskalasiyanı qınadığı qeyd edilir.
“Biz ölənlərin və yaralananların ailələrinə başsağlığı bildirir və bütün tərəfləri beynəlxalq humanitar qanun da daxil olmaqla, beynəlxalq hüquqa dair öhdəliklərinə əməl etməyə çağırırıq”, ABŞ Dövlət Departamentinin açıqladığı bəyanatda bildirilir.
Bəyanatda qeyd edilir ki, hərbi əməliyyatların dayandırılması Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə danışıqlar vasitəsilə ilə həll olunmasında ilk addımdır. ABŞ tərəfləri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə danışıqların bərpasına çağırıb.
“Biz tərəfləri Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının güc və hədə işlətməmək, ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və bütün insanların bərabərliyi prinsiplərinə əsaslanan dayanıqlı və davamlı siyasi həlli yolunun tapılması üçün ən tez bir zamanda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Minsk Qrupu həmsədrləri ilə yenidən qarşılıqlı əlaqələr yaratmağa çağırırıq. ATƏT-in Minsk Qrupunun həmsədri olaraq ABŞ bu səylərdə tam olaraq iştirak edir” – deyə bəyanatda bildirilir.
Birləşmiş Ştatlar həmçinin münaqişənin təsirinə məruz qalan insanlara yardım etmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin və digər beynəlxalq və qeyri-hökumət təşkilatlarına dəstə məqsədilə 5 milyon dollar məbləğində humanitar yardım ayırdığını elan edib. Bununla ABŞ-ın Ermənistan və Azərbaycana 2019-cu maliyyə ilindən bəri humanitar yardımının 10 milyon dollardan artıq olduğu qeyd edilir.
Bəyanatda deyilir ki, Dövlət Departamenti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən ayrılan yeni yardımla münaqişə nəticəsində zərər çəkmiş şəxslərin ərzaq, səhiyyə, sığınacaq və digər təcili yardımla təmin edilməsi üçün yerlərdə səylərin dəstəklənməsi nəzərdə tutulur.