Çərşənbə axşamı gecə bütün ABŞ-boyu şəhərlərdə etirazlar əsasən dinc keçib. Küçələrə axışan amerikalılar afrikalı-amerikalı Corc Floydun Minneapolis şəhərində polis rəftarı nəticəsində ölümünə görə qəzəb və məyusluqlarını ifadə etməkdə davam edib.
Dinc aksiya iştirakçıları bəzi bölgələrdə, o cümlədən Nyu-Yorkda komendant saatı əmrin qulaqardına vurub. Polis Nyu-Yorkun mərkəzi Manhattan rayonuna gedən yolları bağladığı üçün yüzlərlə nümayişçi oraya Bruklin tərəfdən yürüş etdikdən sonra bir neçə saat Bruklin körpüsündə qalıb.
Cənubi Corciya ştatının əsas şəhəri olan Atlantada polis axşam saat 9-dan şəhərində komendant saatı başlayandan sonra yüzlərlə insanın olduğu izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Hər iki şəhərdə bəzi etirazçıların saxlanıldığı bildirilir. Associated Press agentliyinin bildirdiyinə görə, polis son bir həftə ərzində ölkə boyu azı 9,300 nəfəri həbs edib.
Komendant saatına baxmayaraq, yüzlərlə insan paytaxt Vaşinqtonda Ağ Evin qarşısındakı Lafayette Meydanında qalıb. Meydan polisin prezident Trampın Müqəddəs İohann kilsəsinə keçidi üçün dinc nümayişçiləri aqressiv şəkildə dağıtdığı bir gün əvvəllə müqayisədə daha sakitdir.
Amerikanın Səsinin Azərbaycan Xidmətinin əməkdaşı Bayram İsgəndərov nümayişçilərin keçirildiyi məkandan canlı yayım paylaşıb.
Çərşənbə axşamı meydanına toplaşan etirazçılar "Qaraların həyatı mühümdür!", "Vurmayın!", "Bəsdir!", "Ədalət yox, sülh də yox!" və digər polis zorakılığına və irqçiliyə qarşı şüarlar səsləndirib.
Təhlükəsizliyi gücləndirmək üçün həmin əraziyə hündür qara metal hasarlar qoyulub. Milli Qvardiya əsgərləri Linkoln Memorialını mühasirəyə alıb. Bu memorial 1963-cü ildən vətəndaş haqları müdafiəçisi Martin Lüter Kinq Jr.-in məşhur “Mənim arzum var” çıxışını etdiyi məkandır.
Çərşənbə axşamı gecə minlərlə insan Los Ancelesdə şəhərin meri Erik Qarsetti və polis işçilərinin etirazçılarla həmrəylik nümayiş etdirmək üçün diz çökdüyü yerə çıxıb. Bundan sonra onlar Qarsettinin iqamətgahının qarşısına toplaşaraq polis büdcəsində ixtisarlara və şəhərin polis rəisinin işdən qovulmasına çağırıblar.
Etirazlar eləcə də Mayami, Hyuston, Orlando, Nyu Orlean, Siettl, Portland, Madison şəhərlərində də davam edib.
Bu arada Minnesota ştat hökuməti Minneapolis şəhər polis departamentini vətəndaş haqlarının pozulması ilə bağlı məhkəməyə verib.
İttihamnamədə departamentin öz fəaliyyətində sistemik ayrıseçkiliyə yol verdiyi bildirilir.
Corc Floydun ölümünə bais olan Minneapolis polis zabiti Derek Çauvin 3-cü dərəcəli qətl ittihamı ilə həbs edilib.