Accessibility links

ABŞ, Fransa və Rusiya xarici işlər nazirləri Dağlıq Qarabağda dərhal atəşkəsə çağırır


ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini təmsil edən ABŞ, Rusiya və Fransanın xarici işlər nazirləri açıqladıqları birgə bəyanatda Azərbaycan və Ermənistanı Dağlıq Qarabağda dərhal atəşkəsə çağırıb.

Bəyanatda deyilir:

"ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini təmsil edən Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov, Fransa Xarici İşlər Naziri Jan-İv Le Drian və Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Michael R. Pompeo, Dağlıq Qarabağ bölgəsi və onun xaricində zorakılığın presedenti olmayan və təhlükəli eskalasiyasını ən sərt şəkildə qınayır.

Nazirlər qeyd edirlər ki, son vaxtlar həm təmas xətti boyu, həm də Dağlıq Qarabağ münaqişəsi zonası xaricində Azərbaycan və Ermənistan ərazilərində mülki mərkəzləri hədəf alan hücumlar və bu cür hücumların qeyri-mütənasib xarakteri regionun sabitliyi üçün qəbuledilməz bir təhlükə təşkil edir.

ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsinin dövlət başçılarının 1 oktyabr bəyanatını xatırladan nazirlər münaqişə tərəflərini bir daha dərhal və qeyd-şərtsiz atəşkəsi qəbul etməyə çağırır. Həmsədr ölkələr Minsk Qrupu paytaxtlarının vasitəsi ilə onlara ATƏT və beynəlxalq ictimaiyyət tərəfindən həvalə edilmiş səlahiyyətləri tam şəkildə yerinə yetirmək əzmindədir. Beləliklə, onlar tərəflərlə əlaqələrini möhkəm bir şəkildə davam etdirəcək və onları mövcud əsas prinsiplər və hər iki tərəfə yaxşı tanış olan müvafiq beynəlxalq sənədlər əsasında nizamlama prosesinin bərpa edilməsi öhdəliyini indi öz üzərlərinə götürməyə çağıracaq."

Bundan öncə ABŞ Dövlət katibinin müavini Stiven Biqun Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda apardığı telefon söhbəti zamanı Dağlıq Qarabağda hərbi əməliyyatların eskalasiyası ilə bağlı narahatlığını bildirib.

Dövlət Departamentinin sözçüsü Morqan Ortaqusun açıqladığı bəyanatda Stiven Biqunun "Dağlıq Qarabağ münaqişəsində hərbi əməliyyatların eskalasiyası və əməliyyatların dairəsinin genişlənməsi ilə bağlı dərin narahatlığını" ifadə etdiyi bildirilir.

XS
SM
MD
LG