Accessibility links

ABŞ Gürcüstanı demokratiya və qanunun aliliyini möhkəmləndirməyə çağırır


Gürcüstan demokratiyaya sadiqliyini möhkəmləndirməli və məhkəmə sisteminin siyasi qərəzdən azad olmasını təmin etməlidir. Birləşmiş Ştatlar çərşənbə axşamı Gürcüstanda seçki sistemində dəyişiklik tələbi ilə həftələrlə davam edən nümayişlərdən sonra bildirib.

Gələn il keçiriləcək parlament seçkiləri ərəfəsində ABŞ Dövlət Departamentinin müdaxiləsi Gürcüstanın ən zəngin adamı Bidzina İvanişvilinin rəhbərlik etdiyi hakim Gürcü Arzusu partiyasına zərbə ola bilər. Müxaliflər onu hökumətdə heç bir rəsmi rol oynamamasına baxmayaraq, ölkəni pərdə arxasında idarə etməkdə ittiham edirlər.

"Gürcüstan hökumətini məhkəmə və prokurorluq sisteminin siyasi qərəzdən azad olmasını təmin etməklə demokratiya, fərdi azadlıq və qanunun aliliyi prinsiplərinə sadiqliyini gücləndirməyə çağırırıq" - deyə, Dövlət Departamentinin bəyanatında bildirilir.

Xəzər dənizindən neft və qaz üçün tranzit marşrut kimi çıxış edən Cənubi Qafqaz ölkəsinin postsovet dövründə demokratik təsisatların qurulması səyləri yüksək qiymətləndirilirdi.

Lakin insan haqları müdafiəçiləri hazırkı hökuməti məhkəmə islahatlarında irəliləyişin olmaması və müstəqil mediaya təzyiq göstərdiyinə görə tənqid edir.

Bu ay ABŞ səfirliyi və Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi hökumətyönlü olduğu üçün müxalifətin rədd etdiyi Ali Məhkəmənin hakimlərini ömürlük təyin etmək üçün parlament səsverməsini tənqid edib.

"Gürcü Arzusu" partiyasından olan millət vəkili İrakli Kobaxidze Dövlət Departamentinin mesajını Moskvanın orbitindən uzaqlaşmağa çalışan Gürcüstan üçün "ABŞ-dan dəstək bəyanatı" kimi xarakterizə edib. "Bəyanatda prokurorluğun və ya məhkəmələrin siyasi qərəzli olduğu ifadə edilmir" - deyə, o əlavə edib.

Lakin müxalifət nümayəndələri bəyanatın bəzi etirazçıların 2008-ci ildə Gürcüstana qarşı qısamüddətli müharibə aparmış Rusiyaya münasibətdə olduqca yumşaq mövqedə olduğunu hesab etdikləri hökümətə aydın mesaj olduğunu deyib.

XS
SM
MD
LG