Accessibility links

ABŞ generalı: Rusiyadan raket sistemi alsa, Türkiyəyə F-35 satışı dayandırılmalıdır


ABŞ-ın Avropada hərbi qüvvələrinin komandanı, general Körtis Skaparotti
ABŞ-ın Avropada hərbi qüvvələrinin komandanı, general Körtis Skaparotti

ABŞ-ın Avropada yüksək rütbəli generalı Birləşmiş Ştatlara Ankaranın Rusiyadan raket sistemi aldığı təqdirdə Türkiyəyə F-35 döyüş təyyarələri satmamağı tövsiyə edib.

General Körtis Skaparotti (Curtis Scaparrotti) deyib ki, Türkiyə Rusiydan S-400 raket sistemi almaq planlarını yenidən nəzərdən keçirməlidir, ya da gələcəkdə Amerikanın hərbi təyyarələri və sistemlərindən məhrum olunmalıdır. Generalın sözlərinə görə, S-400 raket müdafiə sistemi F-35 döyüş təyyarələri üçün təhlükə yarada bilər.

General Skaparotti bildirib ki, ABŞ rəsmiləri S-400 raket müdafiə sisteminin alınmasının nəticələrini izah etmək üçün hazırda Türkiyədədirlər.

Arxiv fotosu - Moskvada Qələbə günü münasibətilə hərbi parad zamanı Rusiyanın S-400 raket müdafiə sistemi nümayiş etdirilir, 7 may, 2017.
Arxiv fotosu - Moskvada Qələbə günü münasibətilə hərbi parad zamanı Rusiyanın S-400 raket müdafiə sistemi nümayiş etdirilir, 7 may, 2017.

ABŞ Dövlət Departamenti Türkiyəyə 3.5 milyard dollarlıq Patriot tipli raket müdafiə sistemi satışını dekabr ayında təsdiq edib.

F-35 təyyarələrinin çatdırılması S-400 raket müdafiə sistemi ilə bağlı danışıqların davam etdiyi müddətdə gecikdirilir.

Rusiyanın dövlət silah ixracatçısı Rosoboronexpor keçən il təkmilləşdirilmiş S-400 raket sistemlərinin Türkiyəyə 2019-cu ildə çatdırılacağını bildirib. Ankaranın Rusiyadan S-400 raket sistemi alması Türkiyə və ABŞ arasında münasibətlərdə gərginliyə səbəb olan əsas məsələlərdən biridir.

ABŞ və NATO rəsmiləri Rusiyanın raket sisteminin Türkiyədə yerləşdirməsinin Moskvaya NATO təyyarələrində istifadə edilən həssas və məxfi texnologiyaya çıxış imkanı verə biləcəyini bildirir.

XS
SM
MD
LG