Accessibility links

ABŞ höküməti 31 gündür bağlı olaraq qalır


ABŞ hökümətinin bağlanmasının 31-ci gününə keçdiyi bir vaxt, Senatın respublikaçı lideri prezident Donald Trampın kompromis adlandırdığı təklif üzrə səsvermə hazırlayır. Demokrat liderlər isə bunu başlangıc hesab etmirlər.

Donald Tramp uşaq ikən ölkəyə gətirilmiş qanunsuz miqrantların deportasiyadan 3 il qorunması, həmçinin zorakılıq və təbii fəlakət nəticəsində ölkələrindən qaçan insanların müdafiə olunması üçün statusun genişləndirilməsini nəzərdə tutan plan təklif edib.

Prezident bunun əvəzində Konqresdən Meksika ilə sərhəddə divarın inşası üçün 5,7 milyard dollar ayırmasını istəyib.

"Prezident deyib ki, baxın, biz bunu danıshıqlar masasına çıxarmaq istəyirik. Prezident Tramp həqiqi mənada sərhəddə böhranın ünvanlanması, sərhədin təhlükəsizliyinin təmin edilməsi və hökümətin yenidən açılması üçün razılığın əldə edilməsi məqsədilə təklif irəli sürüb”, ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.

ABŞ Konqresindəki demokratlar sərhəd divarının qeyri-effektiv olduğunu və baha başa gələcəyini bildirir. Onlar Tramp və respublikaçıların hökumətin fəaliyyətini bərpa etməyə və bundan sonra sərhəd təhlükəsizliyi ilə bağlı təşəbbüsləri müzakirə etməsini istəyirlər.

Hondurasdan ABŞ-a gələn yeni mühacir karvanı
Hondurasdan ABŞ-a gələn yeni mühacir karvanı

“Fikrimcə, vitse prezident və prezident bilirlər ki, dünən prezidentin elan etdiyi təkliflər bir yerə gedib çıxmayacaq. Bunun məqsədi bu deyildi, fikrimcə, bu, prezident reytinqini yaxşılaşdırmaq üçün edilmişdi. Lakin bu bizi hökümətin bağlanmasına son qoyulmasına yaxınlaşdırmadı. Prezident elan etmişdi ki, hökümətin bağlanmasından qürur duyacaq, o bununla fəxr edir. O buna son qoymalıdır və biz prezidentdən bunu eşidəcəyimizə ümid edirdik", Kaliforniya konqresmeni Adam Şiff bildirib.

Hökümətin bağlanması davam etdikdə, 800 minə yaxın dövlət qulluqçusunun bir hissəsi ya işləyib maaş almır, ya da məzuniyyətə göndərilib.

XS
SM
MD
LG