Accessibility links

ABŞ höküməti abort qanunu səbəbindən Texaş ştatına qarşı məhkəmə iddiası qadırır


ABŞ höküməti cümə axşamı ölkənin cənub ştatı - Texası məhkəməyə verib. Məqsəd ştatda altı həftəlik hamiləlikdən sonra abort etməyi qadağan edən yeni qanunun qarşısını almaqdır.

Baş prokuror Merrik Qarland Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib ki, Texasın qəbul etdiyi yeni qanun açıq şəkildə ABŞ-da qadınlara abort haqqını tanıyan "Ali Məhkəmə presedentlərinə müvafiq olaraq qeyri-konstitusiondur". O bildirib ki, Ədliyyə Departamenti ölkənin ikinci ən böyük ştatına qarşı iddia qaldıraraq "qanunun aliliyinə riayət etməyə borcludur". O, qanunun "bütün müddəaları"nın onu narahat etdiyini deyib.

ABŞ Ali Məhkəməsi keçən həftə 5-4 səs çoxluğu ilə qanunun qüvvəyə minməsinə icazə verib və Ali Məkəmənin 1973-cü ildə qadınların abort etmək kimi konstitusiyon hüququnu tanıyan qərarını dəf etmək istəyən abort əleyhdarları bu qərarı alqışlayıb.

Ali Məhkəmənin gecə yarısı verdiyi qərar Prezident Co Bayden də daxil olmaqla abort hüquqlarını dəstəkləyənlər tərəfindən tənqidlə qarşılanıb.

Bayden qərarın "qeyri-konstitusion xaosa" səbəb olacağını bildirib, çünki qanun təkcə məmurlara deyil, sadə vətəndaşlara belə abort edən şəxslərə, bu məsələdə iştirak edən tərəflərə və qurumlara qarşı məhkəmə iddiası qaldırmağa imkan verir.

Qanun məhkəməni udan insanlara ən azı 10 min dollar almalarına şərait yaradır və təcavüz və insest hallarını istisna etmir.

Lakin digər tərfədən Texas qubernatoru Qreq Abbott iddia edib ki, ştat bu həftədən başlayaraq "Texas küçələrində bütün təcavüzkarları tutaraq mühakimə etməklə onları ortadan qaldırmağa" çalışacaq. O, təcavüzə məruz qalan qadınların hamiləliklərini dayandırmaq üçün hələ altı həftə vaxtlarının olacağını deyərək qanunu müdafiə edib.

Ali Məhkəmə gələn ay başlayacağı yeni müddətdə Missisipi ştatının qəbul etdiyi 15 həftəlik hamiləlikdən sonra abortların qadağan edilməsi ilə bağlı iddiaları dinləməyə hazırlaşır.

XS
SM
MD
LG